Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində ilin yekunları ilə bağlı tədbir keçirildi

Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində ilin yekunları ilə bağlı tədbir keçirildi


Dekabrın 30-da Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində ilin yekunları ilə bağlı tədbir keçirildi. Tədbirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Dövlət Gömrük Komitəsi Daxili Tədqiqat İdarəsinin şöbə rəisi Elxan Məmmədov, mərkəzin baş direktorunun müavini Səlhət Abbasova iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Səlhət Abbasova mərkəzin idmançılarının ayrı-ayrı idman növləri üzrə hər yaş qrupunda yarışlarda nailiyyətlər əldə etdiklərini bildirdi. 
O qeyd etdi ki, idman ocağının nümayəndələri Bakı şəhər çempionatlarında 22, ölkədaxili yarışlarda 25, beynəlxalq səviyyəli yarışlarda isə 7 medal əldə ediblər. Sonra söz mərkəzin baş direktoru Xəzər İsayevə verildi. Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan Xəzər İsayev bu il idmançılarımızın müxtəlif mötəbər yarışlarda uğurlu nailiyyətlər qazandıqlarını dedi. Xəzər müəllim 2013-cü ildə İdman Sağlamlıq Mərkəzinin idmançılarının da ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələrə imza atdıqlarını diqqətə çatdırdı. Mərkəzin direktoru bildirdi ki, ölkəmizə beynəlxalq qurum rəhbərlərinin göstərdiyi etimadın nəticəsidir ki, 2015-ci ildə paytaxtımızda Birinci Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Xəzər müəllim qarşıdakı mötəbər yarışlarda DGK İSM-in təmsilçilərinin də onlara bəslənilən etimadı doğruldacaqlarına əmin olduğunu bildirdi. O, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdi.
Sonra mərkəzin 2013-cü il ərzində fərqlənmiş idmançı və məşqçilərinə diplom və xatirə hədiyyələri təqdim olundu. Qeyd edək ki, «Olimpiya dünyası» qəzeti də idman sağlamlıq mərkəzi ilə səmərəli əməkdaşlığa görə diplomla təltif olundu. Mükafatlandırma mərasimi zamanı Xəzər İsayev mərkəzin sərbəst güləş üzrə məşqçisi İlham Məmmədovu 50 illik yubileyi münasibəti ilə təbrik edərək ona gələcək işlərində müvəffəqiyyətlər arzuladı.