Yeni il ərəfəsində Estoniyanın paytaxtı Tallində keçirilmiş "Christmas Cup” turnirində Azərbaycanı təmsil edən gənc gimnast qızlar vətənə iki qızıl medalla qayıdıblar.
"Baku Flames” klubunun yetirməsi, doqquz yaşlı Nərminə Səmədova ip ilə hərəkətlərdə birinci yeri tutub. Həmin klubun digər üzvü, 2005-ci il təvəllüdlü Rəhiməxanım Aslanlı da qızıl medal qazanıb. Top ilə hərəkətləri hamıdan yaxşı yerinə yetirən Rəhiməxanım həm də "Miss-2005” hesab edilərək tacla mükafatlandırılıb.
"Miss-2007” seçilmiş yeddi yaşlı Cəmilə İbrahimova isə bütün səylərinə baxmayaraq, çoxnövçülükdə dördüncü yerdən yuxarı qalxa bilməyib.
Gimnastika üzrə beynəlxalq dərəcəli milli hakimlərimizin də sayı artıb. Hakimlər üçün Ukraynanın paytaxtı Kiyevdə keçirilən seminarın yekunlarına əsasən Azərbaycanı təmsil edən beş mütəxəssis dördüncü dərəcəyə layiq görülüb. Bunlar milli komandanın məşqçiləri Kamilə Məmmədova, Jalə Qaratova, Anastasiya Prasolova, Yevgeniya Jidkova və Vəfa Bakarovadır.
Beləliklə, hazırda Azərbaycanda gimnastika üzrə beynəlxalq dərəcəli yeddi hakim var. Xatırladaq ki, Natalya Bulanova və Fatimə Şəfizadəyə beynəlxalq dərəcəli hakim adı bundan xeyli əvvəl verilmişdi.