Atçılıq Federasiyası hesabat verib

Atçılıq Federasiyası hesabat verib

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.
Tədbirdə başa çatmaqda olan 2013-cü il ərzində federasiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın 2013-cü ildə gördüyü işlər, ölkə daxili və beynəlxalq arenalarda qazanılmış nailiyyətlər barədə məlumat verib.
O, çövkənin Qarabağ atları ilə oynanılan Azərbaycanın milli atüstü oyunu kimi UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib.
ARAF-ın prezidenti Elçin Quliyev 2013-cü ilin yekunlarına əsasən, bir neçə nominasiya üzrə təltiflər edib. Belə ki, ilin yekunlarına görə, Kərim Abdullayev ən güclü gənc idmançı adına layiq görülüb. İlin xanım idmançısı adına Səbinə Səmədova sahib çıxıb. Camal Rəhimov isə yüksək səviyyəli yarışlarda qazandığı nailiyyətlərə görə, ilin idmançısı seçilib.