Güləşçilərimiz 2013-cü ili uğurla başa vurublar

Güləşçilərimiz 2013-cü ili uğurla başa vurublar

Yola saldığımız 2013-cü il Azərbaycan Güləş Federasiyası (AGF) üçün növbəti uğurlu illərdən biri olub. Pəhləvanlarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər qazanıblar.
Bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti nəticəsində güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur. Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun rəhbərliyi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.
2013-cü ildə güləş üzrə yığma komandalarımızın üzvləri iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 17 qızıl, 15 gümüş, 38 bürünc - ümumilikdə 70 medal əldə ediblər.
Bu medallardan 27-si yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz iştirak etdikləri Avropa və dünya çempionatlarında 10 qızıl, 4 gümüş, 13 bürünc medal qazanıblar. Bu nailiyyətlər Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidir.
Gənc güləşçilərimizin də beynəlxalq arenalarda iştirakı uğurları ilə yadda qalıb. Belə ki, gənc pəhləvanlarımız Avropa və dünya çempionatında 5 qızıl, 5 gümüş, 14 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər.
Böyüklərdən ibarət yığma komandalarımız isə, 2-si qızıl, 6-sı gümüş, 11-i bürünc olmaqla ümumilikdə 19 medala sahib çıxıblar.
Bundan başqa, yığma komandalarımız beynəlxalq turnirlərdə - ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla 228 medala yiyələniblər. Bu medallardan
75-i qızıl, 56-sı gümüş və 97-si isə bürünc mükafat olub.