Qazanılan nailiyyətlər inkişafın göstəricisidir

Qazanılan nailiyyətlər inkişafın göstəricisidir

Azərbaycanda uşaq və gənclərlə iş özünün inkişaf dövrünü yaşayır. Dövlətimiz gənc nəslin fiziki və mənəvi inkişafı istiqamətində, onların problemlərinin həllində ardıcıl olaraq tədbirlər həyata keçirir.
Ölkəmizdə uşaq və gənclərin fiziki sağlamlığı üçün hərtərəfli şərait yaradılıb. İlk addımlarını idman ocaqlarında atan uşaq və gənclər peşəkar idmançı kimi bir sıra beynəlxalq yarışlara qatılaraq, dövlətimizin idman şərəfini uca tuturlar. Əldə olunan nəticələr bir daha sübut edir ki, ölkəmizdə idmanın inkişafına göstərilən qayğı yüksək səviyyədədir.



Uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilir

İdmanın daimi inkişafı uşaq və gənclərin bu sahəyə cəlb olunmasından asılıdır. Onların fiziki sağlamlığı üçün lazımi şərait yaratmaq, həmin şəraitdən bəhrələnərək idmana yenicə gələn uşaqların yarışlarda özlərini sınamasını təmin etmək də çox vacibdir. Bütün bunlar gələcəyimiz olan uşaq və gənclərin həm mənəvi, həm də fiziki sağlamlığına xidmət edir.
Araşdırmalar göstərir ki, idmana maraq göstərən uşaq və gənclərin həyatında müsbət dönüş yaranır: onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, cəmiyyətdə öz yerini tutmağı bacarır, əxlaq qaydalarına əməl edirlər. Mənəvi cəhətdən saf olan uşaq və gənclərdə vətənpərvərlik hissi daha yüksək olur.
Böyük idmana gedən yol uşaq idmanından başlandığından dövlətin bu sahəyə göstərdiyi diqqət də ilbəil artmaqdadır. Uşaq idmanına dövlət tərəfindən göstərilən qayğı bu gün artıq öz bəhrəsini verməkdədir. Hazırda minlərlə uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Paytaxtda, eləcə də bölgələrdə tikilərək idmançıların istifadəsinə verilən Olimpiya idman komplekslərində ayrı-ayrı növlər üzrə məşğul olmaq üçün hər bir şərait yaradılıb.
Ölkəmizdə uşaq idmanının inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün böyük işlər görülür. 2009-cu ilin Uşaq ili elan olunması bir daha sübut edir ki, ölkəmizdə uşaqlara əvəzsiz qayğı vardır. Onların sağlam böyüməsi dövlətimizin ən başlıca məqsədlərindən biridir. Bu qayğı idman və bədən tərbiyəsində daha qabarıq şəkildə özünü göstərir. Gənc nəslin nümayəndələri əvvəllər 14-15 yaşından başlayaraq yarışlarda iştirak edirdilərsə, artıq onlar bəzi idman növləri üzrə yarışlara 12 yaşından cəlb edilirlər. Üç il ərzində yeniyetmə idmançılar müəyyən yarış təcrübəsi əldə edərək, dünya arenalarında keçirilən turnirlərdə yüksək nəticələr göstəriblər.

Ölkə futbolu inkişaf etməkdə olan idman növləri sırasındadır. Bu gün Azərbaycan futbolçuları bir sıra xarici ölkə komandalarının heyətində çıxış edirlər. Ölkəmizdə futbolun inkişaf etdirilməsi, xüsusilə uşaq və yeniyetmələr arasında daha da populyarlaşması və geniş təbliğ olunması istiqamətində geniş tədbirlər planı həyata keçirilir. Respublikamızda "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Bu proqram ölkəmizdə futbolun inkişafına təkan verir. Təsadüfi deyil ki, son illər respublikamızda çoxlu yeni futbol klubları yaradılıb, paytaxtda və əksər bölgələrdə müasir tələblərə uyğun yüzlərlə futbol meydançaları tikilib və ya təmir edilərək uşaq və yeniyetmələrin istifadəsinə verilib. Mütəxəssislərin fikrincə, futbol yarışlarını keçirməklə uşaq və yeniyetmələr arasında futbolu daha da kütləviləşdirmək, uşaqların öz asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaq, onları pis vərdişlərdən uzaqlaşdırmaq mümkündür. Qeyd edək ki, uşaq və yeniyetmələr arasında təşkil olunan məhəllələrarası yarışlarda çoxlu perspektivli idmançılar üzə çıxır və onlar sonradan müxtəlif klub və cəmiyyətlərin futbol komandalarında, bəziləri isə Azərbaycan milli komandasında qüvvələrini sınayırlar.

1328 uşaq idmanın sirlərini bu məktəbdə öyrənir

Ölkəmizdə uşaq futbolunun inkişafına göstərilən qayğı yeni məktəblərin fəaliyyətinə təkan verir, bölgələrdə futbol məktəbləri yaradılır. Belə idman məktəblərindən biri ölkəmizdə futbolun inkişafı istiqamətində böyük işlər görmüş "Təhsil” Uşaq-Gənclər Futbol Məktəbidir. Bu futbol məktəbinin yetirmələri ölkəmizdə futbolun inkişafına öz töhfələrini verirlər. Futbol məktəbi milli komanda və klublar üçün futbolçuların hazırlanması istiqamətində əhəmiyyətli işlər görür, uşaq futbolçuların püxtələşməsində mühüm rol oynayır. Bu məktəbin məqsədi ölkə futbolunun səviyyəsinin yüksəldilməsi, futbolçuların beynəlxalq miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etməsindən ibarətdir.
"Təhsil” Uşaq-Gənclər Futbol Məktəbi fəaliyyətə başladığı ilk dövrlərdə "Ehtiyat Əmək Qüvvələri” İdman Cəmiyyətinin nəzdində olub. 1997-ci ildən isə "Təhsil” Respublika İdman Mərkəzi yaradılıb və məktəb mərkəzin Bakı filialı kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədi ilə bu məktəb "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Uşaq-Gənclər Futbol Məktəbi adı altında işini davam etdirir.

"Təhsil” Uşaq-Gənclər Futbol Məktəbində futbol, atletika, akrobatika bölmələri fəaliyyət göstərir. Ayrı-ayrı qruplarda 1328 uşaq idmanın "əlifbasını” öyrənir. Futbol bölməsində 33 məşqçi-müəllim çalışır və onlar 915 uşağa (30 qız) bu növün sirlərini öyrədirlər. UGFM-də 3 əməkdar məşqçi var: Adil Mahmudov, Oqtay Şahverdiyev və Soltan Babayev. Gənclər arasında futbol üzrə dünya çempionu Vladislav Qədirov da bu məktəbin məşqçisidir.

Məktəbin yetirmələrinin uğurlu çıxışları onlara yaradılan şəraitdən qaynaqlanır

2012-2013-cü illərdə qazanılan nailiyyətlər UGFM-in inkişafının göstəricisidir. Belə ki, məktəbin yetirmələri 2012-ci ildə bir sıra yarışlarda uğurlu çıxışlar ediblər. Futbol üzrə keçirilən yarışlarda daha böyük nailiyyətlər əldə olunub. 2012-ci ilin may ayında Azərbaycan birinciliyində qüvvələrini sınayan uşaqlar IV yerə sahib çıxıblar. İyun ayında keçirilən və 1995-ci il təvəllüdlü idmançıların iştirak etdiyi Prezident kubokunda məktəbin yetirmələri II yerə layiq görülüblər. Oktyabr ayında 1996-1997-ci illər təvəllüdlülərin çıxış etdiyi "Təhsil” RİM-in açıq birinciliyində də məktəbin idmançıları II yerdə qərarlaşıblar. Noyabr ayında təşkil olunan Bakı birinciliyinin qalibi də "Təhsil” RİM-nin Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri olub. Məktəbin uşaq və yeniyetmələrinin uğurlu çıxışları onlara yaradılan şəraitdən qaynaqlanır. İdman ocağında uşaqlara göstərilən qayğı, onlara ciddi hazırlıq prosesi keçirilməsi beynəlxalq yarışlarda da müsbət nəticələr qazanılmasına imkan verib. Ötən ilin aprel ayında Ukraynada təşkil edilən Dostluq kuboku yarışlarında məktəbin yetirməsi Rasim Babayev II yerə sahib çıxıb. "Təhsil” Uşaq-Gənclər İdman Məktəbinin idmançıları beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmək üçün təlim-məşq proseslərində öz bacarıqlarını durmadan artırırlar. Məktəbdə uşaqların fiziki inkişafına xüsusi diqqətlə yanaşılır. İdman ocağının təcrübəli mütəxəssisləri uşaqların fiziki sağlamlığının qorunmasında mühüm rol oynayırlar. Məşqçilər öz yetirmələrinin təkcə fiziki sağlamlığı deyil, həm də mənəvi inkişafı üçün çalışırlar.
2012-ci ildə akrobatika üzrə təşkil olunan yarışlarda da məktəbin uşaqları qüvvələrini sınayıblar. Belə ki, mart ayının 17-19-da keçirilən Azərbaycan birinciliyində Zəminə Həsənova və Ayşə Məmmədova fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Mayın 6-8-də təşkil olunan Bakı birinciliyində Zəminə Həsənova ilk pilləyə sahib çıxıb. May ayında keçirilən Azərbaycan çempionatının qalibləri məktəbin yetirmələri Zəminə Həsənova və Ayşə Məmmədova olub. Bu faktlar onu deməyə əsas verir ki, idman ocağında uşaqların fiziki hazırlığı diqqət mərkəzindədir.

"Uşaqları idmana cəlb etmək əsas məqsədimizdir”

Uşaq və gənclərin vətənpərvərlik, dünyavilik prinsipləri əsasında tərbiyə olunması, onların fiziki və mənəvi inkişafı "Təhsil” Uşaq-Gənclər İdman Məktəbinin başlıca amalıdır. İdman ocağının direktoru Fərid Heydərlinin sözlərinə görə, məktəbin yetirmələri hər cür qayğı ilə əhatə olunublar: ""Təhsil” Uşaq-Gənclər Futbol Məktəbi gənc nəslin fiziki və mənəvi sağlamlığı istiqamətində fəaliyyət göstərir. Çalışırıq ki, uşaqların kütləvi şəkildə idmana cəlb olunmasına öz töhfəmizi verək. 2010-cu ildə Azərbaycanda, ilk dəfə olaraq, təşkil etdiyimiz futbol üzrə məhəllə kubokunda kütləviliyə, qismən də olsa, nail olduq. Belə ki, Bakının 7 rayonunun iştirakı ilə keçən yarışda 500-dən çox uşaq öz qüvvəsini sınadı. Həmin yarışda fərqlənən uşaqların bir neçəsini məktəbimizə cəlb etdik. Yetirmələrimiz Şəfa stadionu, Tofiq Bəhramov adına Respublika stadionununda məşqlərini davam etdirirlər. Qeyd edim ki, 8-16 yaşarası uşaqları məktəbimizə qəbul edirik. Onların fiziki sağlamlığı üçün lazım olan şəraiti yaratmağa çalışırıq. 9-cu mikrorayonda məktəbimiz üçün 90/40 ölçüsündə böyük bir stadion tikilir. Orada uşaqların fiziki hazırlığını təmin etmək məqsədi ilə trenajor zalı və qaçış üçün meydança hazırlamağı da düşünürük. Əminəm ki, müasir tələblərə cavab verən stadion məktəbimizə cəlb olunan uşaqların sayının artmasında əhəmiyyətli rol oynayacaq”.


"Təhsil” Uşaq-Gənclər Futbol Məktəbinin kollektivi uşaq və gənclərin mənəvi və psixoloji inkişafına müsbət təsir göstərən bir sıra tədbirlərdə iştirak ediblər. Məktəbin idmançıları "Təhsil” RİM-də təşkil olunan qanvermə aksiyasında fəallıq nümayiş etdiriblər. "Məktəbimizin heyəti talasimiya xəstəliyindən əziyyət çəkən uşaqlara qan verməyi özünə borc bildi. 100-dən çox idmançı bu aksiyaya qoşuldu. Ümumiyyətlə, onlara hər cəhətdən dəstək olmaq bizim borcumuzdur. Gücü yetən, imkanı olan hər bir şəxsin bu uşaqlara yardımcı olması vacibdir. Şübhəsiz ki, onların fiziki və mənəvi sağlamlığı üçün Azərbaycan dövləti əlindən gələni edir. Buna baxmayaraq, ayrı-ayrı fərdlər də bu sahədə bacarıqların əsirgəməməlidirlər. Çünki sağlam nəsil sağlam gələcək deməkdir”, - deyə Fərid Heydərli əlavə etdi.
Yola saldığımız 2013-cü il UGFM-in idmançıları üçün daha uğurlu olub. Məktəbin yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələr qazanıblar. Atletika ölməsinin üzvləri daha çox medal əldə ediblər. Ötən ilin may ayında aletika üzrə Bakı şəhər birinciliyində məktəbin 18 idmançısı müxtəlif növlərdə mübarizəyə qoşulublar. Nüvəitələmə yarışlarında Anar Əliyev ikinci olub. Cahangir Babayev isə III yerə layiq görülüb. Lovhəatma yarışı UGFM-in yetirmələri üçün daha uğurlu olub. Məktəbin 4 atleti lövhəatmada 2 medala sahib çıxıb. Anar Əiyev bütün rəqiblərini geridə qoyaraq Bakı şəhər çempionu adına layiq görülüb. Onun komanda yoldaşı Nurəhməd Babayev isə bürünc medalla mükafatlandırılıb. Bakı birinciliyində UGFM-in lövhəatan qız idmançıları fəxri kürsünün hər üç pilləsinə sahib çıxıblar. Balaxanım Qafarova Bakı çempionu olub. Səadət Hüseynova II, Nərmin Sadıqova isə III pillədə yer alıb. Məktəbin qızları nüvəitələmə yarışında da fəxri kürsünün hər üç pilləsinə yiyələniblər. Balaxanım Qafarova bu yarışı da çempion kimi başa çatdırıb. Lövhəatmada ikinci olan Səadət Hüseynova nüvəitələmədə də həmin nəticəni təkrarlayıb. Asiman Səlimli isə bürünc medal qazanıb. Beləliklə, UGFM-in atletləri Bakı birinciliyində 10 medal (3 qızıl, 3 gümüş, 4 bürünc) ələ ediblər. May ayında keçirilən atletika üzrə Azərbycan birinciliyində məktəbin idmançıları müxəlif növlərdə güclərini sınayıblar. Oğlanların 200 m məsafəyə qaçışında Tərlan Bədəlov üçüncü olub. Oğlanların mübarizə apardığı nüvəitələmə yarışında isə UGFM-in İdmançıları 1 gümüş, 1 bürünc medal əldə ediblər. Həmin birincilikdə lövhəatma yarışında da məktəbin oğlan idmaçıları bir gümüş və bir bürünc medal qazanıblar.
İdman ocağının futbolçuları 2013-cü ili yüksək nəticələrlə başa çatdırıblar. Yerigəlmişkən deyək ki, bu məktəbin komandaları (U-15, U-17) müxtəlif yarışlarda fərqlənməyi bacarıblar. Əməkdar məşqçilər Adil Babayevin (U-17), eləcə də Siyasət Əsgərovun yetirmələri (U15) iştirak etdikləri turnirlərdə mükafatçılar sırasında yer alıblar. Məktəbin (U-15) komandası 2013-cü ilin yanvar-may ayında təşkil olunan respublika çempionatında II olub. 15 yaşlı qızlar dekabr ayında "Təhsil” Respublika İdman Mərkəzinin Həmrəylik kubokunda bütün rəqiblərini üstələyərək kuboka sahib çıxıblar. Məktəbin 1998-99-cu illər təvəllüdlü qızlardan ibarət komandası 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə birinci yerə layiq görülüb. Fevral ayında məşhur Azərbaycan futbolçusu Yaşar Babayevin xatirəsinə həsr olunan turnirdə UGFM-in 1998-ci il təvəllüdlü qızları mübarizə aparıblar. Komanda bu turniri II yerdə başa vurub. UGFM-in qızlardan ibarət U-15 komandası may ayında təşkil olunan Azərbaycan birinciliyində fəxri kürsünün ikinci pilləsində yer alıb. Ötən ilin aprel-noyabr aylarında paytaxt klubları arasında birincilik turniri təşkil olunub. 8 ay davam edən yarışda U-17 komandaları (yüksək liqa) mübarizə aparıblar. UGFM-in yetirmələri birinciliyin qalibi adına layiq görülüblər. UGFM-in 28 May Respublika Gününə həsr olunmuş açıq birinciliyində bu məktəbin 1999-cu il təvəlllüdlü fudbolçuları çıxış ediblər. Komanda II yerlə kifayətlənib.
Uşaq-Gənclər Futbol Məktəbinin akrobatika bölməsinin idmançıları da ötən il uğurlu nəticələr qazanıblar. Buranın akrobatları həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alıblar. Ötən il (20-26 fevral) Ukraynada keçirilən "Zirki nad Buqom” adlı beynəlxalq turnirdə UGFM-in iki akrobatı qüvvəsini sınayıb. 84, 470 bal toplayan İbrahim Rəcəbli turnirin bürünc mükafatını qazanıb. Onun komanda yoldaşı - eyni bal toplayan Emiliya Nəzərli də III olub.
İyun ayında Qazaxıstanda təşkil olunan beynəlxalq turnirdə məktəbin iki akrobatı mübarizə aparıb: Emiliya Nəzərli və Razıyə Seyidli . Xanım akrobatların hər ikisi 82. 250 bal toplayaraq bürünc mükafat əldə ediblər. Elə həmin ay məktəbin akrobatları Azərbaycan birinciliyində 2 bürünc medal qazanıblar. Bakı birinciliyində isə daha iki bürünc medal bu məktəbin payına düşüb.
UGFM-nin direktoru Fərid Heydərli ötən il qazanılan nəticələri qənaətbəxş olduğunu dedi: "Ölkə idmanına göstərilən dövlət qayğısı atletlərimizin uğurlu çıxışına şərait yaradıb. Təsadüfü deyil ki, Azərbaycan idmançıları müxtəlif növlər üzrə keçirilən beynəlxalq yarışlarda əsas rəqib sayılırlar. 2013-cü ildə təşkil olunan Avropa, dünya çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə Azərbaycan idmançıları 782 medal əldə ediblər. Bu rəqəm ölkəmizdə idmana xüsusi qayğı ilə yanaşıldığının göstəricisidir. Şübhəsiz ki, qazanılan nailiyyətlər respublikamızda idmanın maddi-texniki bazasının inkişafı üçün yaradılan şəraitlə bağlıdır. Hazırda ölkənin hər bir guşəsində müasir tələblərə cavab verən idman qurğuları fəaliyyət göstərir. Məhz buna görədir ki, uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunması kütləvi xarakter alıb. Bu işdə idman məktəblərinin rolunu xüsusi qeyd etmək lazımdır. Gələcəyin Avropa, dünya və Olimpiya çempionları idmanda ilk addımlarını bu məktəblərdə atırlar. "Təhsil” Uşaq-Gənclər Futbol Məktəbi də belə idman ocaqları sırasında yer alıb. Burada aparıcı idman növü futboldur. Yeri gəlmişkən qeyd etmək istərdim ki, ölkəmizdə futbolun inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun inkişafına dair Dövlət Proqramı " uğurla həyata keçirilir. Artıq ölkəmizdə müxtəlif yaş qrupları üzrə yığma komandalar yaradılıb. Bu komandalarda yüksək səviyyəli məşqçilər işləyirlər. Məktəbimizin futbol komandaları müxtəlif yarışlarda uğurlara mübarizə aparırlar. Qızlardan ibarət U-17 və U-15 komandalarımızın nailiyyətləri belə deməyə əsas verir. Qeyd edim ki, UGFM-də 915 uşaq futbolla məşğul olur. Onlardan 30 nəfəri qızlardır. Atletika və akrobatika bölməsinin üzvləri də ötən il yüksək nəticələrə nail olublar. Ümumiyyətlə, 2013-cü ili "Təhsil” Uşaq- Gənclər Məktəbinin idman həyatında uğurlu il hesab etmək olar. Qarşıda idmançılarımızı müxtəlif səviyyəli yarışlar gözləyir. Əminəm ki, nəticələrimiz 2014-cü ildə daha yaxşı olacaq”.
UGFM gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində də müəyyən işlər görür. Məktəbin "Mübariz olaq” devizi altında keçiridiyi turnir Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilib. Turnirin təşkilində əsas məqsəd gənclərə vətən sevgisi aşılamaq, onlarda vətənpərvərlik hisslərini artırmaq olub. Uşaq, yeniyetmə və gənclərin pis vərdişlərdən uzaqlaşdırılması da idman ocağının diqqət mərkəzindədir. Ötən il dekabrın 18-də Respublika Olimpiya Mərkəzində "Narkotikə yox deyək” devizi altında keçirilən atletika turniri məhz gənclərin pis vərdişlərdən qorunmasını təbliğ etmək məqsədini daşıyır. Turnirdə 60-dan çox idmançı müxtəlif növlərdə gücünü sınayıb. Tədbir zamanı yarış istirakçılarına və tamaşaçılara narkomaniyanın zərəri barədə məlumat verilib.
Hürrü Abdullayev