Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında ikinci yarış gününə yekun vurulub.
Milli Gimnastika Arenasında təşkil edilən turnirdə son olaraq böyük kişi gimnastlardan ibarət 8 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində qüvvəsini sınayıb.
Çıxışlardan sonra 3 proqramın cəminə əsasən finalçılar müəyyənləşib. Ən yaxşı nəticəni 64.000 xalla Danimarka yığması göstərib. İsveç 59.800, Norveç 59.300, Böyük Britaniya 50.900, Portuqaliya 50.550, İtaliya isə 50.500 xalla həlledici mərhələyə vəsiqə qazanıb. Adil Hacızadə, Nihad Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyevdən ibarət Azərbaycan millisi isə ilk "altılıq"dan kənarda qaldığı üçün finala yüksələ bilməyib.
Daha əvvəl qadınlar və qarışıq komandalar çıxış ediblər. Qadınlarda İslandiya (53.250), Danimarka (51.200), Norveç (48.750), Böyük Britaniya (48.550) və Finlandiya (47.900), qarışıq komanda yarışında isə Danimarka (58.000), Böyük Britaniya (52.500), İsveç (52.100), İslandiya (51.100), Norveç (49.300) və İtaliya (48.325) kollektivləri həlledici raundda iştirak hüququ qazanıblar.
Böyük gimnastların final mərhələsi oktyabrın 19-da təşkil olunacaq.
Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.