Turin-2006

Turin-2006



ikinci yazı

Kanadalının rekord nəticəsi

Qadınların 5000 metr məsafəyə konkisürmə yarışlarında 33 yaşlı kanadalı Klara Xyuz Olimpiya çempionu olub. Hyuz 6.59,07 saniyəlik nəticə ilə qələbəyə əsas namizəd və bu məsafə üzrə beşqat Olimpiya çempionu almaniyalı Klaudiya Pexştaynı üstələyib. Almaniyalı idmançı 7.00,08 saniyəlik nəticə ilə gümüş medalla kifayətlənib. Bürünc medalı isə digər kanadalı - Sindi Klassen qazanıb. Maraqlıdır ki, Hyuz bundan əvvəl Atlanta Yay Olimpiya Oyunlarında velosiped idmanı üzrə iki dəfə bürünc medala layiq görülmüşdü. Beləliklə, kanadalı həm yay, həm də qış olimpiadalarında medal qazanan yeganə idmançı kimi tarixə düşüb.
Konkisürmə üzrə ən uzun məsafəyə (10 km) yürüş Hollandiya idmançısının qələbəsi ilə başa çatıb. "Zanbaqlar ölkəsi”nin təmsilçisi Bob De Yonq 13.01,57 saniyəlik nəticə ilə əsas izləyicisi Hedriki bir neçə saniyə geridə qoyub. Bürünc medala isə digər hollandiyalı idmançı - Verxeyen yiyələnib.


Avstriyalıların "het-trik”i

Dağ xizəyi üzrə kişilərin slalom yarışlarında Turin-2006-nın rekord göstəricisi qeydə alınıb. Belə ki, avstriyalı xizəksürənlər bu növ üzrə mümkün mükafatların hamısını qazanıblar. Bir neçə gün əvvəl Olimpiya çempionu adına yiyələnən Benjamin Rayx bu sevinci yenidən yaşayıb. Onun həmvətənləri Raynfrid Herbst və Rayner Şonfelder isə, müvafiq olaraq, gümüş və bürünc medalları əldə ediblər. Xatırladaq ki, Solt Leyk Siti Oyunlarında amerikalıların sevimlisi fransız Jan-Pyer Vidal 1-ci, onun həmyerlisi Sebastyan Amez 2-ci, böyük britaniyalı Alan Bakster isə 3-cü yeri tutmuşdular. Turində isə mütəxəssislər italyan Corcio Rokka, fin Kalle Palander, amerikalı Bode Miller, avstriyalı Rayx, fransızlar Vidal və Stefan Tissonun qalib gəlmək imkanlarını yüksək qiymətləndirirdilər.





Dünyanın ən sürətli bobsleyi almanlara məxsusdur?

Fevralın 25-də keçirilən kişilərin bobsley üzrə "dördlük” yarışları gərgin mübarizəyə səhnə olub. 3-4-cü cəhdlərdən sonra Kanada-1 komandası liderlik etsə də, İsveçrə-1 daha yüksək nəticəyə imza atıb. Lakin rusiyalı dördlük 3.40,55 saniyəlik nəticə ilə liderliyə yüksəlib. Bununla belə, meydanda almanların peyda olmaları şimal qonşularımızın birincilik ümidlərini alt-üst edib. Dünyanın ən sürətli bobsleyinin "sükançıları” 0,13 saniyə fərqi ilə Olimpiya çempionu adına yiyəliniblər. Maraqlıdır ki, almanlar son üç olimpiadada ən yüksək əyarlı medalları heç kimə güzəştə getmirlər. Gümüş medallar ruslara, bürünc medallar isə isveçrəlilərə qismət olub.


Gərgin mübarizələrlə yadda qalan 16 gün

Turində təşkil olunan XX Qış Olimpiya Oyunları fevralın 26-da başa çatıb. 16 gün davam edən olimpiadada azarkeşlər bir-birindən maraqlı və gərgin mübarizənin şahidi olublar.
Bağlanış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq çıxış edərək, Turin-2006-nın bağlı elan olunduğunu bildirib və Vankuver-2010-un hazırlığına başlandığını qeyd edib. Bundan sonra Kanadanın himni səsləndirildi və Turinin meri Serco Kyamparino Olimpiya bayrağını vankuverli həmkarı Semu Sallivana təhvil verib.
Olimpiadanı maraqlı edən cəhətlərdən biri son medalı italiyalı idmançının qazanması olub. Nəticədə bağlanış mərasimində məhz İtaliyanın himninin səsləndirilməsi yarışların sonunu daha da rəngarəng edib.
Almaniya olimpiyaçıları 11 qızıl medal qazanaraq, yekun nəticədə birinci yeri tutublar. İkinci pillə ABŞ, üçüncü yer isə Avstriya idmançılarına qismət olub. Ölkəmizdə də kifayət qədər azarkeşi olan rusiyalılar isə dördüncü olublar. Turnirin ən gözlənilməz nəticəsinə norveçlilər imza atıblar. "Vikinqlər” cəmi 2 qızıl medal əldə edərək, 13-cü olublar.
Turin Olimpiadasında Solt Leyk Sitidən fərqli olaraq, daha çox ölkə medal qazanıb. ABŞ-da bu rəqəm 23 olduğu halda, İtaliyada 26 ölkə medal sevinci yaşadı.


Turin-2006-dan əldə olunan gəlir 267 mln avroya çatıb

Turin Olimpiadası Təşkilat Komitəsinin yaydığı məlumata görə, oyunlardan əldə edilmiş gəlir 267 milyon avroya çatıb. Qeyd edək ki, oyunların təşkili üçün müvafiq qurumlar 707 milyon avro vəsait sərf etmişdilər. Bu məbləğin 257 milyonu yalnız texniki qurğulara xərclənib. Qazanılmış vəsaitə gəlincə isə, Təşkilat Komitəsi biletlərin satışından 69,4 milyon avro, yayım hüququnun satışından isə 470 milyon avro əldə edib. Sponsorların ayırdığı məbləğ 420 milyon avro təşkil edib. Təşkilatçılar əvvəlcədən biletlərin satışından cəmi 64,4 milyon avro qazanılacağını planlaşdırsalar da, bu məbləğ olimpiadanın artıq altıncı günü yığılıb. Ümumilikdə, satılmış biletlərin sayı 900 min ədəd olub. Turin merinin sözlərinə görə, Olimpiya oyunları keçirildiyi müddətdə Turinə 1 milyona yaxın turist səyahət edib.


Kansler almaniyalıların çıxışını bəyənib

Almaniyanın kansleri Anqela Merkel Olimpiya oyunlarının bitməsinə bir neçə saat qalmış almaniyalı idmançıları qələbə münasibətilə təbrik edib. Oyunların son nəticələrinə görə, Almaniya təmsilçiləri 29 medal (11 qızıl, 12 gümüş, 6 bürünc) qazanmaqla yanaşı, həm də komanda hesabında birinci yerə layiq görülüblər. Merkelin fikrincə, həmvətənləri möhtəşəm çıxışları ilə Almaniyanın qış idman növlərinin yüksək səviyyədə inkişaf etdiyi ölkə olduğunu bir daha sübut ediblər.



Rokka azarkeşlərindən üzr istədi

30 yaşlı dağ xizəkçisi Corco Rokka İtaliyadakı sevincə kədər qatıb. Belə ki, Dünya kuboku mərhələsində yüksək uğurları ilə hamını heyran edən Rokkanın Turində də qalib gələcəyi heç kəsdə şübhə doğurmurdu. Ancaq Rokka yarışların birində startdan 35 saniyə sonra xizəkdən yıxılıb və bütün azarkeşlər böyük təəccüb hissi ilə hadisələrin sonunu gözləyiblər. Başını qaldırıb azarkeşələrin üzünə belə baxmağa cəsarət etməyən xizəkçi bir neçə dəqiqə hərəkətsiz qalıb. Sonradan mətbuat işçilərinə müsahibə verən Rokka günahını etiraf edərək, azarkeşlərindən üzr istəyib. Maraqlıdır ki, analoji hadisə ilə rastlaşan amerikalı Bode Miller üzr istəmədən meydançanı tərk edib.


BOK prezidenti Turin Olimpiadasından razı qalıb

Beynəlxalq Olimpiya Komitəsi icraiyyə Komitəsinin bugünlərdə keçirilmiş iclasında 2006-cı il Qış Olimpiya Oyunlarının yekunları müzakirə olunub. Tədbirdən dərhal sonra BOK prezidenti Jak Roqq mətbuat konfransı təşkil edərək, jurnalistlərin suallarını cavablandırıb. Oyunların təşkilindən razı qaldığını bildirən prezident bunları deyib: "Turin Olimpiya Oyunlarının təşkilindən məmnunam. Əlbəttə ki, onun tarixdə ən yaxşı olimpiada olduqları demək düzgün olmazdı. Ölkələr müxtəlif tarixə, mədəniyyətə və adət-ənənələrə malik olduqları üçün olimpiadalar da müxtəlif tərzdə keçirilir. Ona görə də onları bir-birilə müqayisə etmək düzgün deyil. Məncə, Turində hər şey yüksək səviyyədə təşkil edilmişdir”.


Turin Oyunlarını "təmiz” olimpiada adlandırmaq olar

Turində keçirilən dopinq-testlər yalnız Rusiya təmsilçisi Olqa Pılyevanın, həqiqətən də, qadağan edilmiş preparatlardan istifadə etdiyini təsdiqləyib. Qeyd edək ki, Turində 12 idmançının qanında yüksək hemoqlobin aşkarlanmışdı. Amma son nəticədə onlardan heç birinin dopinqdən istifadəsi təsdiqlənməyib. Belə ki, sonuncu Yay Olimpiadasından fərqli olaraq, Turin Oyunları tarixə "təmiz” olimpiada kimi düşəcək.

Hürrü Abdullayev,
Anar Əhmədov