“BestGym” klubu 20 illik yubileyini qeyd etdi

“BestGym” klubu 20 illik yubileyini qeyd etdi


Buyaxınlarda "BestGym” klubunun 20 illik yubiley tədbiri keçirildi. Tədbirdə çıxış edən Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev ötən il bodibildinqçilərin beynəlxalq arenalarda qazandıqları uğurlardan danışdı. Bu növün inkişafında müstəsna rol oynayan bodibildinqçilər diplomlarla təltif olundular. Tədbirdə bildirildi ki, "BestGym” klubu Azərbaycanda bodibildinqin inkişafına böyük töhfələr verib. Azərbaycanın dünya və Avropa çempionatlarında uğur qazanan idmançılarının əksəriyyəti məhz bu klubda yetişiblər. Bodibildinqçilərimiz 20 il ərzində yüksək nəticələr qazanıblar. İdmançılarımızın nailiyyətləri ildən-ilə artmaqdadır.

Sevindiricidir ki, bodibildinq üzrə keçirilən yarışlara ev sahibliyi edən ölkələr arasında Azərbaycanın da adı var.
2001-ci ildə Bakıda bodibildinq üzrə Avropa çempionatı keçirildi. Bu yarışa qədər idmançılarımız hələ heç bir nailiyyət qazana bilməmişdilər. Bakıda keçirilən Avropa çempionatı bodibildinqin inkişafında bir dönüş nöqtəsi oldu. Həmin ildən etibarən idmançılarımız iştirak etdikləri turnirdə Azərbaycanı layiqincə təmsil etməyə başladılar. Bakıda təşkil olunan Avropa çempionatında idmançılarımız iki medal qazanaraq komanda hesabında dördüncü yeri tutdular. Təmsilçilərimizdən Tahir Faxrutdinov (75 kq) qızıl, Yalçın Məmmədov (65 kq) isə gümüş medala layiq görüldü. Elə həmin ildə Tahir Faxrutdinov dünya çempionu tituluna yiyələndi. 2002-ci ildə Belarusun paytaxtı Minsk şəhərində təşkil olunan yarışda təmsilçimiz Anatoli Məsimov 65 kq çəki dərəcəsində bürünc medal qazandı. Anatolinin uğurları bununla bitmədi. Belə ki, o, 2003-ci ildə Misirdə keçirilən dünya çempionatında Azərbaycana bürünc medal qazandırdı. 2005-ci ildə Rumıniyanın Braşov şəhərində keçirilən Avropa çempionatında Anatoli Məsimov 65 kq çəki dərəcəsində gümüş medal əldə etdi. 2007-cı ildə Bakıda keçirilən Avropa çempionatında isə Yalçın Məmmədov gümüş medala sahib oldu. 80 kq çəki dərəcəsində yarışan Tahir Faxrutdinov bürünc medala layiq görüldü. 85 kq çəki dərəcəsində çıxış edən Vüqar Verdiyev Avropa çempionatının gümüş medalına sahib oldu. Klassik bodibildinq üzrə keçirilən yarışlarda isə Teymur Aslanov ikinci yeri tutdu. 2008-ci ildə İspaniyanın Playa-de-Aro şəhərində keçirilən 40-cı Avropa çempionatında 85 kq çəki dərəcəsində çıxış edən Vüqar Verdiyev qızıl medala layiq görüldü. O, bir il sonra Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazandı. 2009-cu ildə komandamız Qətərin paytaxtı Dohaya yollandı. Dohada təşkil olunan dünya çempionatında Həmid Kəşani 90 kq çəki dərəcəsində üçüncü yerə çıxdı. 2010-cu ildə ölkəmiz daha bir mötəbər turnirə ev sahibliyi etdi. Bakıda təşkil olunan bodibildinq üzrə dünya çempionatında bodibildinqçilərimiz uğurla yarışırdılar. Belə ki, Vüqar Verdiyev (85 kq) və Həmid Kəşani (90 kq) gümüş medal qazandılar. Əhməd Alverdi (100 kq) və Leonid Stomin (100 kiloqramdan yuxarı) dünya çempionatının bürünc medallarına sahib oldular. Bu nəticələrlə təmsilçilərimiz komanda hesabında ikinci yeri tutdular. Keçən il ABŞ-ın Kolombus şəhərində keçirilən yarışda Vüqar Verdiyev 85 kq çəki dərəcəsində üçüncü yerlə kifayətləndi. Elə həmin il komandamız Hindistanın Mumbay şəhərində təşkil olunan dünya çempionatında iştirak etdi. Azərbaycanı bu yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edən Həmid Kəşani gümüş medala sahib oldu. Nəticədə, iki idmançı ilə təmsil olduğumuz yarışda ölkəmiz komanda hesabında 8-ci yeri tutdu.
Təmsilçilərimiz 2012-ci ildə Ekvadorun Quayakil şəhərində kişilər arasında keçirilən dünya çempionatında iştirak ediblər. Komandamızı bu yarışda 5 idmançı - Vüqar Verdiyev (85 kq), Məhəmməd Paşayi (90 kq), 100 kq Əhməd Alverdi, Dmitri Barikin (100 kq) və Dmitri Qolubiçkin (100 kiloqramdan yuxarı) kimi atletlərlə təmsil olunub. Komandamızın heyətində yer alan bodibildinqçilərdən yalnız Məhəmməd Paşayi 90 kq çəki dərəcəsində gümüş medala layiq görülüb. Digər idmançılarımız Vüqar Verdiyev və Əhməd Alverdi çempionatı beşinci pillədə başa vurublar. Komandamız bu nəticələrlə 54 ölkə arasında 9-cu yerə layiq görülüb.
Son üç ildə komandamız reytinq cədvəlində ilk "onluq”da qərarlaşmağı bacarıb.

Məlumat üçün qeyd edək ki, 2008-ci ildə Avropa reytinq cədvəlində ən güclü idmançıların siyahısı açıqlanmışdı. Sevindirici idi ki, Vüqar Verdiyev, çəki dərəcəsindən asılı olmayaraq, ən güclü idmançılar sırasında üçüncü pillədə yer almışdı. Klassik bodibildinqçilərin siyahısında isə Fərhad Quliyev onuncu pillədə qərarlaşmışdı. Təmsilçimiz Fərhad Quliyev Azərbaycan klassik bodibildinqində tarix yazıb. O, iştirak etdiyi bütün yarışlarda finala vəsiqə qazanmağı bacarıb.
Bodibildinqçilərimiz ötən il ABŞ-da keçirilən Arnold Klassik yarışında iştirak etdilər. Klassik bodibildinq üzrə təmsilçimiz Andrey Lapuşanski bu yarışda üçüncü yerə layiq görüldü. Mart ayında bodibildinqçilərimiz Danimarkanın açıq kuboku uğrunda keçirilən yarışlarda iştirak etdilər. Turnirdə mübarizə aparan Yelena Kişina bürünc medala yiyələndi. Bu yarışlardan sonra idmançılarımız Avropa çempionatına hazırlaşıblar. Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil olunan qitə birinciliyində üç idmançımız tarixi nəticə qazandı. Belə ki, üç idmançımızdan ikisi qızıl, biri isə gümüş medala sahib çıxdı. Klassik bodibildinq üzrə yarışlarda Teymur Aslanov fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldü. 100 kq çəki üzrə yarışda isə Rza Zinatlu birinci yeri tutdu. Digər idmançımız Yalçın Məmmədov isə gümüş medalla kifayətləndi.
Ötən il İspaniyada təşkil olunan Avropa çempionatında Yelena Kişina 4-cü yeri tutdu. Sentyabr ayında Ukraynanın paytaxtı Kiyev şəhərində bodibildinq üzrə dünya çempionatı keçirildi. Bu turnirdə isə, o, komandamıza ilk medalı qazandırdı. Yelena Azərbaycan bodibildinq tarixində bodifitnes kateqoriyasında ən hündür boy dərəcəsinə görə üçüncü yeri tutdu.
Beləliklə, bodibildinqçilərimiz ötən il iştirak etdikləri 8 yarışın 7-də mükafatalayiq yerləl tutublar. Ümumilikdə idmançılarımız 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Bu, kifayət qədər yüksək nəticədir.
Ötən il Bakıda bodibildinq üzrə Respublika çempionatını keçirilib. Noyabrın 26-da Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan yarışlar iki kateqoriyada keçirilib: 75 kq-a qədər və 75 kq-dan yuxarı. Birinci kateqoriyada Teymur Aslanov respublika çempionu titulunu qazanıb. Yuxarı çəki dərəcəsində yarışan Vüqar Verdiyev də turnirin qalibi olub.
Bodibildinq ölkəmizdə gənc nəsilin böyük maraq və həvəs göstərdiyi idman növlərindən biridir. Bu idman növü Azərbaycanda qısa zaman ərzində populyarlıq qazanıb.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan idmanında böyük yüksəliş dövrü başladı. İllər ötdükcə idmançılarımız müxtəlif növlərdə uğurlu nəticələr əldə etdilər. Bununla paralel olaraq həmin idman növlərində inkişaf və tərəqqi nəzərə çarpamağa başladı. Artıq Azərbaycan dünyanın aparıcı idman arenalarında güclü idmançıları ilə tanınır. İstər Olimpiya, istərsə də qeyri-Olimpiya növlərində qazanılan medalların sayı ildən-ilə artır. Bu isə Azərbaycan dövlətinin idmana və idmançıya göstərdiyi diqqət və qayğının təzahürüdür.
Qarşıdakı illərdə ölkəmizdə bir sıra möətbər idman tədbirləri keçiriləcək. İlk dəfə olaraq təşkil olunacaq I Avropa Oyunlarında bodibildinqçilərimiz də iştirak edəcəklər. Bodibildinq I Avropa Oyunlarının mədəni proqramına daxil edilib.

Anar Əhmədov