XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib

Azərbaycanda səfərdə olan karate ustası, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuyanın rəhbərliyi ilə keçirilən XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Himni səsləndiriləndən sonra Azərbaycanın suverenliyi və torpaqları uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azəbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev seminar iştirakçılarını AKF-nin rəhbərliyi və İdarə Heyəti adından salamlayıb, onlara uğurlar arzu edib.

O bildirib ki, təcrübəli məşqçilər və məşhur karateçilərlə yanaşı, gənc idmançıların da iştirak etdiyi Ümumrespublika seminarının təşkilində əsas məqsəd ölkəmizdə karate üzrə idmançı və məşqçilərin texnika səviyyəsini daha da yüksəltmək, gənclərin sağlam həyat tərzinə marağını artırmaq, onların asudə vaxtının səmərəli təşkilinə kömək etməkdir.

Dünya Şotokan Karate-do Federasiyasının baş təlimatçısı, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya karateçilərimizi salamlayaraq, onlara uğurlar arzu edib. Ölkəmizə sayca 25-ci səfərinin olduğunu bildirən H.Kasuya məmnunluğunu ifadə edib. O, seminar müddətində müasir karatedə olan dəyişikliklər, konkret fəndlər üzərində praktik biliklərini nümayiş etdirəcəyini söyləyib.

Daha sonra AKF rəhbərliyi adından H.Kasuyaya Azərbaycanda karatenin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə xatirə hədiyyəsi təqdim olunub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Qeyri-olimpiya növləri üzrə sektor müdiri Fəqan Səfərov, AKF-nin vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov, baş katib Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmdiyyə Məmmədov, Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, XXXII Ümumrespublika texniki seminarına 250-dən çox idmançı və məşqçi qatılıb. Məşhur karate ustası seminarla yanaşı, yerli idmançılardan Dan - qara kəmər imtahanını tədbirin son günündə götürəcək.

XXXII Ümumrespublika seminarının açılış mərasimi keçirilib