Bakıda Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının (FIG) bədii gimnastika üzrə məşqçi kursları təşkil olunub.
Yanvar ayının 11-də start verilən məşqlər bir həftə müddətində davam edəcək. Qeyd qdək ki, sonuncu dəfə belə kurs keçən ilin yanvar ayında təşkil olunmuşdu.
Həm nəzəri, həm də təcrübi seminarların keçiriləcəyi kursda 16 məşqçinin iştirakı nəzərdə tutulur. Mütəxəssislərdən ikisi Bolqarıstan, biri Avstriya, digərləri isə Azərbaycandan olan məşqçilərdir. Seminarın nəticələri nəzərə alınmaqla imtahan keçiriləcək və yüksək göstəriciləri olan iştirakçılar ikinci mərhələyə buraxılacaq. Xalların 65 faizini toplayan məşqçilər kursun üçüncü mərhələsində iştirak edəcək.
Almaniyadakı kursların rəhbəri Katya Klaynvelt FİG-in ekspertləri sırasına daxildir. Böyük Britaniyadan ekspert qismində Nadya Aleksandrova, Rusiyadan Nataliya Qorbulina, Norveçdən Lasse Nettum çıxış edəcək.
Klaynveltin sözlərinə görə, Bakıda seminarın keçirilməsi üçün ideal şərait yaradılıb. Kursların təşkilində məqsəd bədii gimnastikanın tədrisi metodikasını dünya səviyyəsinə yüksəltməkdir. Bu kursu bitirən məşqçilər artıq Azərbaycanda da fəaliyyət göstərir. Ekspertin fikrincə, Azərbaycanda bədii gimnastika kifayət qədər yüksək inkişaf edib.