Uşaq və yeniyetmələrin fiziki tərbiyəsində, onların ayrı-ayrı idman növlərinin sirlərinə dərindən yiyələnməsində ölkəmizdə fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin rolu böyükdür.
Ayrı-ayrı idman növləri üzrə böyük nailiyyətlər əldə edən idmançılarımızın əksəriyyəti məhz belə idman məktəblərində yetişirlər. Abşeron rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbi qabaqcıl idman ocaqlarından biridir. Ötən illər ərzində məktəbdə istedadlı idmançılar hazırlanıb. 2012-ci ildə məktəb 40 illik yublieyini keçirib. İdman ocağının təmsilçiləri 40 illiyi müxtəlif mötəbər yarışlarda qazandıqları yüksək nəticələrlə qeyd ediblər. Keçən il bu idman ocağı, Təhsil Nazirliyinin seçiminə əsasən, "İlin ən yaxşı idman məktəbi” adına layiq görülüb. Məktəbin yetirməsi Ruslan Surxayev isə "Ən yaxşı idmançı” nominasiyasının qalibi olub. Xatırladaq ki, bu məktəb 2011-ci ildə də "İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib olub. Abşeron UGİM-in təcrübəli məşqçisi Qırxlar Bədəlov ötən il Əməkdar məşqçi” adını alıb. 2012-ci ildə idman ocağının yetirmələrindən Türkan Nəsirova, Cahid Həsənzadə, Ruslan Surxayev və Pərviz İbrahimov idman ustası normasını yerinə yetiriblər. Bundan başqa, Abşeron UGİM-in 4 güləşçisi, yüksək nailiyyətlərinə görə, müsabiqədən kənar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olunublar.
.jpg)
İdman ocağında sərbəst güləş, qadın güləşi və futbol bölmələri fəaliyyət göstərir. Güləş bölməsində 324 idmançı bu növün sirlərinə yiyələnirlər. Qeyd edək ki, onlardan 20-si xanım idmançıdır. Futbol bölməsində isə 8 qrupda 120 uşaq var. Uşaqların fiziki tərbiyəsi ilə 20 (16 güləş, 4 futbol) məşqçi-müəllim məşğul olur. Uşaq-Gənclər İdman Məktəbinin iki güləş zalı, bir futbol meydançası, trenajor və saunası var. Bir sözlə, bu məktəbdə idmanla məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Burada məşğul olan uşaq və yeniyetmələrin vətənpərvərlik hislərinin daha da gücləndirilməsi və onların milli ruhda tərbiyə olunması məqsədilə bir sıra tədbirlər planı həyata keçirilir. Məktəbdə dövlət nişanı və dövlət atributlarını əks etdirən stendlər asılıb.
Abşeron UGİM-in direktoru, Azərbaycan Güləş Federasiyasının 2 saylı nümayəndəliyinin sərbəst güləş üzrə baş məşqçisi Mais Məsimov bildirdi ki, rayonda idmanın inkişafına xüsusi qayğı ilə yanaşılır. Bu da təmsilçilərimizin müxtəlif yarışlarda uğurlu çıxışına zəmin yaradır: "Abşeron rayonunda uşaq və gənclərin idmanla məşğul olması üçün idman klubları, məktəblər fəaliyyət göstərir. İdmana həvəsi olan hər bir kəs burada maraq göstərdiyi idman növü ilə məşğul ola bilər. Yetirmələrimiz də onlara bəslənilən ümidləri doğruldurlar. Beynəlxalq arenalarda ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. İdman ocağının yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq arenalarda keçirilən yarışlarda ciddi rəqibə çevriliblər. Əvvəlki illərdə yüksək nəticələr göstərən idmançılarımız 2012-ci ildə də uğurları ilə fərqləndilər. Qeyd edim ki, "İdman ili”ndə məktəbimizin 40 illiyi tamam oldu. Təmsilçilərimiz uğurlu çıxışları ilə idman ocağına öz hədiyyələrini verdilər. Güləşçilərimizin uğurları bizi daha çox sevindirir. Çünki biz yüksək nəticələrimizlə Azərbaycan güləşinə öz töhfəmizi veririk. Fürsətdən istifadə edib məktəbimizə göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk”, - deyə Mais müəllim bildirdi.
Məktəbin yetirmələri Hacı Əliyev, Yaşar Əliyev və Roman Bəkirov hazırda böyüklərdən ibarət milli komandanın heyətindədirlər. İdman ocağının güləşçilərindən 8-i gənclər, 5-i yeniyetmələr, 2-si isə məktəblilərdən ibarət yığma komandanın üzvüdürlər.
İdman ocağının güləşçiləri ölkədaxili
yarışlarda öndədirlər
Ötən illər ərzində idman ocağının yetirmələri müxtəlif səviyyəli respublika və beynəlxalq yarşlarda iştirak edərək, yüksək nailiyyətlər qazanıblar. Ötən illər olduğu kimi, Abşeron UGİM-in yetirmələri 2012-ci ildə də iştirak etdikləri yarışlarda onlara göstərilən etimadı doğruldurlar. Ötən ilin yanvar ayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə beynəlxalq turnirdə idman ocağının yetirmələri 2 qızıl və 1 gümüş medala sahib çıxıblar. Mart ayında yeniyetmə qızlar arasında keçirilən ölkə birinciliyində məktəbin 4 idmançısı 2 gümüş və 2 bürünc medal qazanıb. Həmin ay gənclər arasında təşkil olunan respublika birinciliyində isə Abşeron UGİM-in yetirmələri 2 qızıl və 3 bürünc medal əldə ediblər. Yeniyetmələrin ölkə birinciliyində Ruslan Surxayev, Arif Hüseynov və Cahid Həsənzadə qızıl, Ruslan Aslanov isə bürünc medala sahib çıxıblar. Aprel ayında yeniyetmələrin IV respublika oyunları proqramına daxil olan zona birinciliyində 1998-1999-cu illər təvəllüdlü idmançılar arasında idman ocağının təmsilçiləri 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər. Yeniyetmələrin IV respublika oyunları proqramına daxil olan sərbəst güləş yarışının final mərhələsində Aqil Feyzullayev gümüş, Ağamirzə Mustafayev bürünc medala layiq görülüb. Bakıda keçirilən yeniyetmələrin V respublika oyunları proqramına daxil olan sərbəst güləş üzrə zona birinciliyində (1999-2000) 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə olunub. Dekabr ayında Tovuz şəhərində keçirilən sərbəst güləş üzrə respublika birinciliyində Rəşad Yusifli qızıl, Mirqasım Qasımov isə bürünc medala sahib çıxıb. 
Yunan-Roma güləşi üzrə təşkil olunan respublika turnirində idman ocağının yetirmələri 1 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüblər. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr edilmiş yunan-Roma güləşi üzrə respublika turnirində Teymur Tapdıqlı ikinci, Rauf Hüseynbalayev isə üçüncü pillədə qərarlaşıb. Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə respublika turnirində 6 qızıl, 3 gümüş və 3 bürünc medal əldə olunub. Məktəbin xanım güləşçiləri isə həmin turnirdə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Oktyabr ayında Bakıda təşkil olunan "Hünər meydanı”nda Ruslan Qasımov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Orxan Şərifov isə ikinci nəticəni göstərib.
Beynəlxalq yarışlar, yüksək nəticələr
Abşeron UGİM-in güləşçiləri ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu çıxışqları ilə yadda qalıblar. Ötən il yanvar ayının sonunda Ukraynada təşkil olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə məktəbin təmsilçisi Ənvər Cəfərov üçüncü yeri tutub. Bu ölkədə sərbəst güləş üzrə təşkil olunan beynəlxalq turnirdə isə Sahilə Ələkbərova qızıl medala sahib çıxıb. Rusiyada keçirilən beynəlxalq turnirdə Roman Bəkirov (sərbəst güləş) üçüncü yerdə qərarlaşıb. Fevral ayında sərbəst güləş üzrə keçirilən beynəlxalq yarışda Yaşar Əliyev və Hacı Əliyev üçüncü olublar. İdman məktəbinin yetirmələri Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda keçirilən yarışda 1 qızıl və 1 bürünc medal qazanıblar. Mayın 12-13-də Bakıda keçirilən Dünya kubokunda məktəbin yetirməsi Hacı Əliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. İyun ayında Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında təşkil olunan Avropa birinciliyində Pərviz Axundov bürünc medal qazanıb. İyul ayında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən MDB ölkələri hərbçilərinin çempionatında Roman Bəkirov bütün rəqiblərindən üstün olub. İdman ocağının 3 idmançısı - Ruslan Surxayev, Cahid Həsənzadə və Sahilə Ələkbərova Polşada yeniyetmələr arasında keçirilən Avropa birinciliyində, müvafiq olaraq, qızıl, gümüş və bürünc medal qazanıb. Yeniyetmələr arasında paytaxtımızda təşkil olunan dünya birinciliyində məktəbin yetirmələri Cahid Həsənzadə qızıl medala sahib çıxıb. Ruslan Surxayev və Türkan Nəsirova gümüş medal qazanıblar. Sentyabr ayında Tailandda gənclər arasında təşkil olunan dünya birinciliyində Ruslan Surxayev ikinci yeri tutub.
İdman məktəbinin təmsilçiləri Türkiyə, Almaniya, Rusiya, Gürcüstanda təşkil olunan müxtəlif yarışlarda mükafatalayiq yerlər tutublar. Ümumiyyətlə, Abşeron UGİM-in yetirmələri sərbəst güləş və yunan-Roma güləşi üzrə müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutublar.
Abşeron rayonunun yaradılmasının 50-illiyinə həsr edilmiş yunan-Roma güləşi üzrə respublika turnirində məktəbin idmançıları 1 qızıl, 6 gümüş və 4 bürünc medala sahib çıxıblar. Sərbəst güləş yarışlarında isə 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanılıb. Qeyd edək ki, Abşeron UGİM-in futbolçuları da yarışlarda iştirak edir, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə açıq respublika birinciliyində rayonun futbol komandası ikinci yeri tutub.
Abşeron UGİM, ənənəvi olaraq, əlamətdar günlər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş yarışların təşkilində yaxından iştirak edir.
Qarşıda idman ocağının yetirmələrini Avropa, dünya birincilikləri, eləcə də digər müxtəlif yarışlar gözləyir. İnanırıq ki, abşeronlu güləşçilər bu ildə onlara bəslənilən etimadı doğruldacaqlar.