Sadıq Sadıqov: «2013-cü ilin «Neftçi» İSM üçün uğurlu olduğunu deyə bilərik»

Sadıq Sadıqov: «2013-cü ilin «Neftçi» İSM üçün uğurlu olduğunu deyə bilərik»


Respublikamızın müstəqillik qazanmasından elə böyük vaxt ötməsə də, tarixi baxımdan bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək səviyyəyə çatıb. Son vaxtlar ölkəmizdə idmanın maddi-texniki baza­sının möhkəmləndirilməsi sayəsində görülən işlər bizləri sevindirməyə bilməz. Paytaxtla yanaşı, bu gün respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir Olimpiya idman kompleksləri tikilir və bu qurğular da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə apa­rılan dövlət siyasəti və atılmış düzgün addımlar sayəsində Azərbaycan Avro­panın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son il­lər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idman­çı­larımızın əldə etdiyi yüksək nailiyyətlər bunun bariz nümunəsidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən «Neftçi» İdman-Sağlamlıq Mərkəzi həmişə dövləti­mizin bu istiqamətdə apardığı siyasətə öz əməli işi dəstək verməyə çalışan ön­cül təşkilatlardandır. Mərkəz, mütəmadi olaraq, neft, qaz və kimya sənayesi işçi­ləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, mərkəz peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır.
2013-cü ilin «Neftçi» İSM üçün uğur­lu olduğunu deyə bilərik. Ötən il mərkəzin strukturunda fəaliyyət göstərən qurğu­larda idmanın 34 növü üzrə 192 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 700-ə yaxın neftçi idmanla məşğul olmuş­dur.
«Neftçi» İSM-in fəaliyyətinin əsas istiqaməti kimi, ARDNŞ strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu müddət ərzində voleybol, mini futbol (Novruz bayramı və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), «Səmti müəy­yən etmə» (bu növdə neftçilər üç tədbirdə iştirak ediblər: «Neftçi» İSM-in təş­kil etdiyi birincilik, respublika çempionatı (3-cü yer) və Finlandiyada keçirilən beynəlxalq turnir), şahmat (ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş turnir), «Atam, anam və mən» (1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı), eləcə də stolüstü tennis üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub keçirilib və bu yarışlara 1200 neftçi qatılıb.
Bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr - Neftçilər Günü) ərəfəsində keçirilən spartakiadadır. 2013-cü ildə neft, qaz və kimya sənayesi işçilərinin XXI Spartakiadası keçirilmişdir. Yarışda 40 müəssisənin tərkibində 1280 nəfər iştirak etmişdir ki, onlardan da 240-ı qadınlar olub. Spartakiada iştirakçıları 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qol gücü və güllə atıcılığı) üzrə mübarizəyə qoşulmuşlar.
Mərkəzin digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilmişdir. İl ərzində idman akrobatikası və cüdo üzrə mərkəzin açıq birincilikləri təşkil olunub keçirilmişdir ki, bu yarışlarda 500-ə yaxın yeniyetmə və gənc öz bacarığını nümayiş etdirmişdir.
Azərbaycanın müstəqillik illərində idmançılarımız Atlan­ta, Sidney, Afina, Pekin və London olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Mərkəzin yetirmələri müxtəlif səviy­yəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı ucaldırlar. Təkcə 2013-cü il ərzində idmançılarımız 1730 medal qazanmışlar ki, onlardan da 687-si qızıl, 447-si gümüş, 596-sı isə bürüncdür. Ötən il Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında «Neftçi» İSM-in təmsilçisi Elxan Məmmədov Azərbaycan cüdosu tarixində ilkə imza ataraq dünya çempionu titulunu qazanmışdır.
Təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, futzal komandamız sonuncu Azərbay­can çempionatında 3-cü yerə çıxmışdır. Bundan əlavə, futbol üzrə ölkə çem­pionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası çempionatı 2-ci yerdə başa vurmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub-komanda birinciliyində «Neftçi» İSM bütün yaş qruplarında təmsil olunmuşdur. Uğurla çıxış edən komandalarımızdan biri mükafatçılar sırasında yer alıb. 1998-ci il təvəllüdlülərdən ibarət komandamız axırıncı görüşün son saniyələrində qapısında gördüyü təsadüfi qol nəticəsində çempionluğu əldən verərək paytaxt çempionatını 3-cü yerdə başa vurub. «Neftçi» İSM-in komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatın­da çıxış­larını uğurla davam etdirirlər.
Qazandığı yüksək nailiyyətlər sayəsində mərkəz Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə, ardıcıl olaraq, yeddi dəfə «İlin ən yaxşı idman cəmiyyəti» adına layiq görülmüşdür. Bütün bu gös­təricilər «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.
Şübhəsiz, bütün bu yüksək nəticə və göstəriciləri əldə etmək ARDNŞ rəh­bərliyinin, şəxsən Rövnəq Abdullayevin idmana göstərdiyi xüsusi diqqət və qay­ğının sayəsində mümkün olmuşdur. «Neftçi» İSM-in idman qurğuları əsaslı və cari təmir olunmuş, ən müasir idman inventar və ava­dan­lıqları ilə təchiz olunmuş, idmançı, məşqçi və hakimlər müxtəlif beynəlxalq ya­rış­lara, təlim-məşq toplanışlarına, eləcə də seminarlara ezam olunmuşlar. Bir sözlə, id­mançılarımız üçün hər cür şərait yaradılmışdır və təbii ki, zirvəyə aparan yoldakı qapının açarını da elə burada axtarmaq lazımdır.

Sadıq Sadıqov,
«Neftçi» İSM-in icraçı direktoru,
«Neftçi» PFK-nın prezidenti,
MOK-un İcraiyyə Komitəsinin üzvü,
əməkdar bədən tərbiyəsi və idman xadimi



«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin
2013-cü il ərzində müxtəlif yarışlarda
qazandığı medalların sayı haqqında statistik
MƏLUMAT