Yeniyetmə güləşçilər komanda hesabında birinci oldu
Yanvarın 19-da Sərhədçi Olimpiya İdman Mərkəzində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. 17-ci dəfə keçirilən yarışdan əvvəl Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhid Müşviq İsayevin və digər şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.
Təntənəli açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğuladı: "Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi Azərbaycan idmançıları 2013-cü ildə mötəbər yarışlarda 782 medal qazanıblar. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirdi ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. O qeyd etdi ki, Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirdi, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətləri xatırlatdı. O, idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırdı. Mərasimdən sonra tanınmış şahmatçı Vüqar Həşimovun və 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qeyd edək ki, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan ümumilikdə 135 güləşçi birincilik uğrunda mübarizə aparırdı. Azərbaycan təmsilçiləri ümumilikdə, 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib oldu və komanda hesabında ilk sırada qərarlaşdı. İran komandası ikinci, Qazaxıstan isə üçüncü oldu.
Xatirə turnirinin mükafatçıları
42 kq
1. Amir Parsteh - İran
2. Yerbol Dilmagambetov - Qazaxıstan
3. Rustambek Jurayev - Özbəkistan
3. Murad Məmmədov - AZƏRBAYCAN
46 kq
1. Afşin Rahmarirka - İran
2. Almas Cumabayev - Qazaxıstan
3. Yerbulan Sarkitbayev - Qazaxıstan
3. Jandoq Karibay - Qazaxıstan
50 kq
1. Fazil Həsənov - AZƏRBAYCAN
2. Cahangirmirzə Turubov - Özbəkistan
3. Nader Nasrisamakuş - İran
3. Kənan Ağamalıyev - AZƏRBAYCAN
54 kq
1. Əfqan Xaşalov - AZƏRBAYCAN
2. Murad Abdulmuslimov - AZƏRBAYCAN
3. Toktagul Kapanov - Qazaxıstan
3. Abulfazi Hajipuramiji - İran
58 kq
1. Mahir Əmiraslanov - AZƏRBAYCAN
2. Qüdrət Ağayev - AZƏRBAYCAN
3. Hossein Yusifikamangar - İran
3. Zəlimxan Vəliyev - AZƏRBAYCAN
63 kq
1. Teymur Məmmədov - AZƏRBAYCAN
2. Rasim Mustafayev - AZƏRBAYCAN
3. Jaksilik Sultan - Qazaxıstan
3. Pənah İlyaslı - AZƏRBAYCAN
69 kq
1. Fuad Məmmədov - AZƏRBAYCAN
2. Xızır Aslambekov - Rusiya
3. Hamed Darbandi - İran
3. Xalid Əlizadə - AZƏRBAYCAN
76 kq
1. Yeskali Dauletkazi - Qazaxıstan
2. Şahmar Əzimov - AZƏRBAYCAN
3. Əhliman Quliyev - AZƏRBAYCAN
3. Sənan Əlizadə - AZƏRBAYCAN
85 kq
1. Ali Nikzad - İran
2. Orxan Həsənov - AZƏRBAYCAN
3. Zauri Beradze - Gürcüstan
3. Cavid Sadıqov - AZƏRBAYCAN
100 kq
1. Givi Maçaraşvili - Gürcüstan
2. İqbal Hacızadə - AZƏRBAYCAN
3. Coni Petriaşvili - Gürcüstan
3. Naeimi Hassanzade - İran
Xəzər İsayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti:
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə keçirilən bu yarış perspektivli yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyır. Bu yarış artıq 17-ci ildir ki, ənənəvi olaraq təşkil edilir. Azərbaycanda sərbəst güləş üzrə əldə olunan nəticələrə nəzər salsaq, görərik ki, böyük uğurlar qazanan idmançıların əksəriyyəti ilk böyük uğurlarını məhz Müşviq İsayevin xatirəsinə keçirilən yarışda qazanıblar. Yeniyetmə idmançılarımız bu yarışda püxtələşir, texnika-taxtikalarını gücləndirir, rəqiblərini tanıyır, bir sözlə təcrübə əldə edirlər. Yarışda uduzan idmançılar öz üzərində işləməyə imkan tapır, qələbə qazanan idmançılar ruhlanır və gələcəyə daha da inamla baxır. Burada dünyanın ən qabaqcıl güləş ölkələri olan Rusiya, İran, Gürcüstan, Qazaxıstan kimi ölkələrin idmançıları qüvvələrini sınayırlar. İnanıram ki, bu yarışda iştirak edən idmançılar arasından gələcəyin Olimpiya dünya və Avropa çempionları yetişəcəklər.
Bu yarış gözəl bir ənənəyə malikdir.
Xatirə turnirinin xüsusi bir ənənəsi var. Bu da ondan ibarətdir ki, yarışlar başlamazdan əvvəl həm yerli, həm də xarici qonaqlar tərəfindən ümumilli liderimiz, müstəqil Azərbaycanın qurucusu, Heydər Əliyevin,
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilir. Azərbaycanda idmanımızın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Biz ümummilli liderin idmanımıza göstərdiyi diqqət və qayğını, bu sahənin inkişafı istiqamətində gördüyü işləri yaddan çıxarmırıq. Qeyd edim ki, ulu öndər daim şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırdı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə yüksək səviyyəli diqqət və qayğı göstərilir. Bu o deməkdir ki, şəhidlərimiz unudulmur və onların xatirəsi daim qəlblərdə yaşayacaq.
Əjdər Cəfərov, Azərbaycan Güləş Federasiyasının baş katibi:
- 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə keçirilən bu yarış artıq 17-ci dəfədir ki, keçirilir. Bu yarış istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından xüsusi rola malikdir. Bildiyiniz kimi, 2016-cı ildə Rio-de Janeyroda növbəti Yay Olimpiya Oyunları keçiriləcək. Məhz bu cür yarışlarda biz perspektivi olan, namizəd idmançıları nəzərdən keçirmək imkanı əldə edirik. İnanıram ki, bu yarışlarda qüvvələrini sınayan, nəticə qazanan idmançılarımız növbəti illərdə beynəlxalq arenalarda ölkəmizin idman şərəfini layiqincə qoruyuraq medallar qazanacaqlar. Bu gün ölkəmiz dünyada idman ölkəsi kimi tanınıb. Təmsilçilərimiz ən mötəbər yarışlarda yüksək uğurlar qazanırlar. Respublikamızda müxtəlif idman növləri üzrə mötəbər yarışlar bir-birini əvəz edir. Bu gün güləş Azərbaycanda populyar idman növlərindəndir. Ölkəmizdə güləş üzrə keçirilən beynəlxalq səviyyəli yarışlar yeniyetmə və gənc idmançılarımızın yarış təcrübəsini daha da artırır.
Aysel Sultanova