İran İslam Respublikasında yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku” yarışı keçiriləcək. Beynəlxalq turnir yanvarın 23-dən 24-dək davam edəcək. Tehrandakı "7 tir” Arenada təşkil olunacaq yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası da mübarizə aparacaq. Yanvarın 21-də Cahanbəxt Tofiq İdman Mərkəzində Azərbaycan millisi ilk məşqinə çıxıb. Məşqçilər Fuad Rəhmani və Saman Əhmədinin rəhbərliyi altında güləşçilərimiz müxtəlif tapşırıqları yerinə yetirib və hazırlıq planı üzrə təlim keçiblər.
Millimizin heyətində Elman Muxtarov (59 kq), Azad Əliyev (66 kq), Hacımurad Bağmanov (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), Orxan Nuriyev (85 kq), Araz Həsənov (98 kq) və Valera Rodriqes (130 kq) yer alıblar.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Kamran Əliyev görüşlərin idarə olunmasında iştirak edəcək.
Yarışda Azərbaycanla yanaşı, İran, Türkiyə, Koreya Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparacaqlar.