Yanvarın 23- 24-də İran İslam Respublikasında yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçiriləcək. Xəbər verdiyimiz kimi, Tehrandakı "7 tir” Arenada təşkil olunacaq yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası da mübarizə aparacaq.
Yanvarın 22-də İran Güləş Mərkəzində yarışın görüşlərini idarə edəcək hakimlər üçün seminar keçirilib. Seminarı Azərbaycanın Olimpiya dərəcəli hakimi, Beynəlxalq Güləş Federasiyasının (FİLA) nümayəndəsi Hicran Şərifov aparıb.
H.Şərifov FİLA tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilmiş dəyişikliklər barədə məlumat verib.
O bildirib ki, "Yadigar İmam Kuboku” Beynəlxalq turniri
FİLA-nın dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək. Güləşçilər 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələri üzrə yarışacaqlar. Natiq Olimpiya oyunlarında isə idmançıların güləşin hər üç növü üzrə 6 çəki dərəcəsində mübarizə aparacaqlarını deyib.
Həmyerlimiz güləş qaydalarında da bəzi dəyişikliklər olduğunu da diqqətə çatdırıb: texniki qələbə üçün yunan-Roma güləşində 8 xal fərqinə nail olmaq lazımdır. Yunan-Roma güləşində rəqibi aşırma və nəzarətdə saxlama fəndinə görə, 4 xal veriləcək. Ardıcıl iki 4 xallıq fəndi yerinə yetirən güləşçi rəqibinin hesabında xal olmazsa, görüşün qalibi elan olunur. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək.
Seminarda 15 ölkədən 50-dən artıq hakim iştirak edib. Seminarda Azərbaycanı Beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib. Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparacaqlar.