İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə "Yadigar İmam Kuboku” beynəlxalq turniri keçiriləcək. Turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.
Turnirdə iştirak etmək üçün İrana yollanan heyətdə 8 güləşçimiz yer alıb. Belə ki, Elman Muxtarov (59 kq), Azad Əliyev (66 kq), Hacımurad Bağmanov (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), Orxan Nuriyev (85 kq), Araz Həsənov (98 kq) və Valera Rodriqes (130 kq) turnirdə ölkəmizi təmsil edəcəklər.
Beynəlxalq dərəcəli hakim Kamran Əliyev isə yarışda ədaləti qoruyacaq.
Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Güləş Federasiyası (FİLA) çəki dərəcələrində dəyişikliklər edib və yığma komandamızın üzvləri ilk dəfə olaraq yeni çəki dərəcələrində mübarizə aparacaqlar.
Turnirin proqramına əsasən, əvvəlcə 59, 71, 80 və 98 kq, sonra isə, 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.