Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Sabah” matçının biletləri satışa çıxarılıb.
“Neftçi” klubunun mətbuat xidmətindən verilən məlumata görə, biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edir. Futbol azarkeşləri biletləri “iticket.az” platformasından və matçın oynanılacağı “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər. Qarşılaşma aprelin 2-də saat 19:30-da baş tutacaq.
Yarımfinal mərhələsinin digər oyununda “Qarabağ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcək. Bu matç da 2 aprel tarixində saat 17:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.
Qeyd edək ki, cavab görüşləri 23 aprel tarixində oynanılacaq.