AFFA futbolun inkişafı üçün 39 milyon manat vəsait ayırıb

AFFA futbolun inkişafı üçün 39 milyon manat vəsait ayırıb

Azərbaycanda futbolun inkişafı məqsədilə ayrılan vəsaitin məbləği açıqlanıb. Bu barədə məlumat AFFA-nın 2025-ci il üçün açıqladığı rəsmi hesabatda əksini tapıb.

Bildirilir ki, 2023/2024 və 2024/2025 mövsümlərində ümumi vəsait 39 milyon manat təşkil edib. Hər iki mövsümdə vəsaitin böyük hissəsi klubların maliyyələşməsinə yönəldilib.

Ən böyük maliyyə dəstəyi Premyer Liqa təmsilçilərinə göstərilib - 10 klub üzrə ümumilikdə 30 milyon manat ayrılıb. Bu, hər klub üçün orta hesabla 3 milyon manatlıq dəstək deməkdir.

Bundan əlavə, I Liqa klublarına – əvvəlki mövsümdə 15, cari mövsümdə isə 10 klub olmaqla – 3 milyon manat ödənilib. Eyni zamanda milli komandaların saxlanılması üçün də 3 milyon manat vəsait ayrılıb.

Region Liqası və bu liqanın oyunlarının təşkili, eləcə də VAR sistemi ilə bağlı xərclər hər iki mövsümdə 1 milyon manat civarında olub.

2024/2025 mövsümündə II Liqada mübarizə aparan 14 klub üçün isə ümumilikdə 700 min manat ayrılıb. Bu, futbolun aşağı divizion səviyyəsində inkişafını təşviq etmək məqsədi daşıyır.

AFFA həmçinin menecer və məşqçi korpusunun təhsilinə də önəm verib. Bu istiqamətdə qurumun nəzdində keçirilən təlim və proqramlara 300 min manat vəsait xərclənib.

Qurumun hesabatında qeyd olunub ki, ayrılan bu vəsaitlər Azərbaycanın futbol infrastrukturunun inkişafına, kütləvilik səviyyəsinin artırılmasına və texniki heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.