Futbolun inkişafı üçün strateji addımlar atılır
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) illik Hesabat Konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin və hesabat dövründə dünyasını dəyişən idman xadimlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən AFFA-nın prezidenti Rövşən Nəcəf ötən bir ildə görülən işlər barədə ətraflı hesabat verib. O, qarşıya qoyulan hədəflərin dəyişmədiyini vurğulayaraq, legioner limitinin ləğvinin yerli oyunçuların inkişafına təkan verəcəyinə inandığını bildirib. Milli komandanın çıxışına toxunan AFFA rəhbəri nəticələri məyusedici adlandırıb:
“Baş məşqçi Fernandu Santuşla vəziyyəti müzakirə etmişik. Gələcək nəticələrə əsasən qəti qərarlar veriləcək”.
Tədbirdə iştirak edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın müstəqillik qazandıqdan sonra dünyaya idman ölkəsi olduğunu sübut etdiyini deyib. O, futbolun da digər sahələr kimi yüksəlişə nail olacağına inandığını bildirib:
“Əsas odur ki, istək və səy olsun. AFFA-nın yeni rəhbərliyinin bu potensiala malik olduğunu düşünürəm. Növbəti olimpiadalarda futbolçularımızın da uğurlarına şahid olacağımıza inanıram”.
Konfransda çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev danışılmış oyunlarla mübarizəyə xüsusi diqqət yetirildiyini qeyd edib:
“Bu məsələ ilə ciddi məşğul oluruq. Təsdiqini tapan hallar olduqda, günahkarlar ciddi şəkildə cəzalandırılacaq. İdmançılara çağırış edirik: belə işlərdən uzaq durun”.
Tədbir çərçivəsində AFFA-nın bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Ardınca qurumun maliyyə departamenti tərəfindən hesabat təqdim edilib. Gəlirlər və xərclər barədə ətraflı məlumat verilib.
Konfransda AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere də çıxış edib. O, Azərbaycan hakimliyinin inkişaf etdiyini, lakin bəzi oyunlarda səhvlərə yol verildiyini bildirib:
“Bunlar təbiidir. Biz “Playstation” oynamırıq, hakimlər də robot deyil. İnsan fəaliyyətində səhv qaçılmazdır”.
Daha sonra FIFA nümayəndəsi Marion Qava və UEFA nümayəndəsi Valentina Merkolli çıxış edərək AFFA ilə olan əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Sonda Hesabat Konfransı öz işini yekunlaşdırıb.