Cahangir Fərəcullayev: “AFFA-da ciddi kadr çatışmazlığı var"

Cahangir Fərəcullayev: “AFFA-da ciddi kadr çatışmazlığı var"

AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı Azərbaycan futbolunun mövcud vəziyyəti ilə bağlı fikirlərini səsləndirib. O, milli komandanın nəticələrinin məyusedici olduğunu vurğulayaraq, köklü islahatların vacibliyini qeyd edib.

“Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Millimizin nəticələri hamımızı məyus edir. Bu vəziyyətdən çıxış yolu tapılmalıdır”, - deyə baş katib bildirib.

Cahangir Fərəcullayev qeyd edib ki, bu məqsədlə yeni İnkişaf Strategiyası qəbul olunub və sənəd artıq AFFA-nın gündəlik fəaliyyət planına çevrilib. O bildirib ki, uğur üçün düzgün planın hazırlanması işin yarısıdır:

“AFFA-da ciddi kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə də milli assosiasiyanın strukturunda dəyişikliklər gözlənilir. Hər şeyi sıfırdan və sistemli şəkildə qurmaq niyyətindəyik”.

Baş katib, eyni zamanda, uşaq futbolunda mövcud problemlərə də toxunub. Onun sözlərinə görə, əsas çətinliklərdən biri məşqçi qıtlığı ilə bağlıdır:

“10 milyonluq ölkədə cəmi 7 təlimçi var. Bu, olduqca azdır. Təlimçilərin yetişdirilməsi istiqamətində tədbirlər planı hazırlanıb. Lakin bu iş müəyyən zaman tələb edir. Təkliflər paketi artıq hazırlanıb və yaxın günlərdə müvafiq qurumlara təqdim olunacaq”.

Cahangir Fərəcullayev bildirib ki, infrastrukturun təkmilləşdirilməsi və insan resurslarının inkişafı AFFA-nın qarşısında duran əsas vəzifələrdən biridir.

Konfransda bu məsələlərlə bağlı daha geniş müzakirələrin aparıldığı və islahatlara yönəlik konkret addımların atılacağı da vurğulanıb.