İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku” beynəlxalq turniri keçirilib.
Yarışda İran idmançılar ilə yanaşı, Azərbaycan, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar da mübarizə aparıblar. Yığma komandamızın üzvləri turniri 1 qızıl və 1 bürünc medalla başa vurublar. Komanda hesabında yığmamız 3-cü yeri tutub. İran komandası birinci, Macarıstan millisi isə ikinci olub.
İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıblar. Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıblar. Yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb. Güləşçimiz bürünc medal üçün yerli idmançı Museyib Əkbərini mübarizədən kənarlaşdırıb. Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada başa vurublar.
Yarışların ikinci günündə mübarizəyə qoşulan güləşçilərimizdən yalnız Azad Əliyev (66 kq) finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Gürcüstan, Macarıstan və İran güləşçilərini məğlub edən Azad Əliyev finalda daha bir gürcü pəhləvanını vaxtından əvvəl məğlub edərək, turnirin qızıl medalına sahib olub. Niyaməddin İbrahimov isə bürünc medal şansını dəyərləndirə bilməyib və turniri 5-ci sırada tamamlayıb. Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə yeni çəki dərəcələrində qüvvələrini sınayıblar.