Futbol üzrə UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə yarımfinala vəsiqə qazanan ilk iki komanda müəyyənləşib. Qitənin ən mötəbər klub turnirində bu mərhələyə adlayanlar İspaniyanın “Barselona” və Fransanın PSJ klubları olub.
“Barselona” 1/4 final mərhələsində Almaniyanın “Borussiya Dortmund” komandası ilə qarşılaşıb. İlk oyunda rəqibini 4:0 hesabı ilə darmadağın edən Kataloniya klubu cavab görüşündə 1:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə, 5:3 hesabi ilə mərhələ adlayıb. Bu nəticə ilə “Barselona” 2019-cu ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Fransa nəhəngi PSJ isə İngiltərənin “Aston Villa” komandası ilə üz-üzə gəlib. İlk görüşdə 3:1 hesablı qələbə qazanan Paris təmsilçisi cavab matçında 2:3 hesabı ilə uduzsa da, ümumi 5:4 nəticə ilə yarımfinala yüksəlməyi bacarıb.
Turnirin yarımfinal mərhələsində “Barselona” “Bavariya” - “İnter” cütünün qalibi ilə, PSJ isə “Real Madrid” - “Arsenal” duelində üstün gələn tərəflə qarşılaşacaq. Yarımfinal oyunları 29 və 30 aprel tarixlərində, cavab görüşləri isə 6 və 7 mayda keçiriləcək.
UEFA Çempionlar Liqasının final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərindəki Allianz Arena stadionunda baş tutacaq
Çempionlar Liqasında ilk yarımfinalçılar məlum oldu

