Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə mayın 21-24-də Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək. Tədbir cüdo üzrə fəaliyyət göstərən məşqçilər üçün nəzərdə tutulub.
Federasiyadan verilən məlumata görə, seminarda iştirak etmək istəyən namizədlər üçün müəyyən tələblər mövcuddur. Belə ki, iştirakçılar minimum 17 yaşında olmalı və qəhvəyi kəmər dərəcəsinə sahib olmalıdırlar.
Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq və beynəlxalq səviyyədə tanınan məşqçi sertifikatı əldə etmək istəyənlər üçün zəruri mərhələ hesab olunur.
Tədbirin əsas məqsədi dan sistemi çərçivəsində məşqçilərin nəzəri və praktiki biliklərinin yoxlanılması, onların peşəkar hazırlıq səviyyəsinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Bu cür seminarlar məşqçilərin motivasiyasının yüksəldilməsinə, peşəkar bacarıqlarının daim təkmilləşdirilməsinə və cüdo üzrə ölkəmizdə ümumi inkişaf səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.