Vankuver - XXI Qış Olimpiya Oyunlarının ev sahibi

Vankuver - XXI Qış Olimpiya Oyunlarının ev sahibi

Milyonlarla insan 2010-cu il fevralın 12-də Kanadanın Vankuver şəhərində təşkil edilən XXI Qış Olimpiya Oyunlarının açılış mərasimini izləyib. Burada 7 idman növü üzrə qüvvələrini sınayan idmançılar 86 dəst medal uğrunda mübarizə aparıblar. Bu, Turin-2006 Olimpiadası ilə müqayisədə 2 medal dəsti çoxdur. Vankuver-2010 Olimpiadasına kişi və qadınlar arasında ski-kross üzrə 2 medal dəsti əlavə olunub.
Kanada qış Olimpiya Oyunlarına ikinci dəfə ev sahibliyi edib. 1988-ci ildə Kalqaridə keçirilən XI Qış Olimpiya Oyunları "cökə yarpağı” ölkəsinin birinci olimpiadası olub. Vankuver olimpiadaya ev sahibliyi hüququnu 2003-cü ildə qazanmışdı. Beynəlxalq Olimpiya Komitəsinin həmin ilin iyul ayında Praqada keçirilən 115-ci sessiyasında XXI Qış Olimpiya və Paralimpiya Oyunlarının Vankuverdə keçirilməsi qərara alınmışdı. Olimpiada Kanadanın Vankuver, Riçmond və Uistler şəhərlərində təşkil edilib. Oyunların açılış və bağlanış mərasimi "Bi-Si-Pleys” stadionunda olub.
Olimpiadanın hokkey turniri "Ceneral Motors Pleys” arenasında təşkil edilib. Fiqurlu konkisürmə və şort-trek yarışları isə "Pasifik Kolizium” stadionunda keçirilib. Kerlinq üzrə ən güclülər "Xilkrust Park” arenasında müəyyənləşib. Bu arenalar Vankuverdə yerləşir. Riçmond şəhərində bir arena inşa edilib. Uistlerdə isə bir neçə arenada biatlon, xizək üzrə ikinövçülük, bobsley, skeleton və xizəklə trampilindən tullanma yarışları keçirilib.
Vankuver-2010-un Təşkilat Komitəsi qaliblərə təqdim etmək üçün xüsusi medallar hazırlayıb. Qızıl medalın hazırlanması üçün 2,5 kq qiymətli metaldan istifadə olunub. Çempionun medalının tərkibində 6 qram qızıl olub. Medalların istehsalı prosesində 903 kq mis, 1952 kq bürünc işlədilib. Olimpiyaçılar üçün 615, paralimpiyaçılar üçün isə 399 dəst medal nəzərdə tutulmuşdu. Olimpiyaçılara təqdim edilən medallar dairəvi şəkildə, diametri isə 100 mm təşkil edib. Paralimpiyaçıların medalları kənarları qatlanmış ellips formasında olub. Olimpiya halqaları və olimpiadanın loqotipi medalların üzərinə döymə üsulu ilə həkk edilib. Onların üzərində ingilis və fransız dillərində bu medalın təqdim ediləcəyi idman növünün adı yazılıb. Paralimpiyaçıların medalarında olan bütün sözlər "bray” şrifti ilə verilib. Bu, görmə qüsurlu paralimpiyaçıların yazıları oxumasına imkan verib.
Vankuver-2010-un Təşkilat Komitəsi dopinqə qarşı ciddi mübarizəyə aparıb. Olimpiyaçılardan 2000, paralimpiyaçılardan 425 test nümunəsi götürülüb. Dopinq testlərini ətraflı yoxlamaq üçün Riçmond şəhərində yeni dopinq laboratoriyası istifadəyə verilib. Analizləri Riçmonda aparmaq üçün 500 könüllüdən istifadə edilib.
Olimpiadanı işıqlandırmaq üçün 2800 jurnalist akkreditasiya olunub. 2200 adam yarışların televiziya ilə yayımını təşkil edib. Vankuver-2010-un KİV-lərdə işıqlandırılmasında ümumilikdə 11800 adamın əməyindən istifadə olunub.
Azərbaycan nümayəndə heyəti fevralın 10-da Vankuverə yola düşüb. Ölkəmiz XXI Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunub. Sedrik Notz kişilər, Qaya Bassani Antivari isə qadınlar arasında ölkəmizin idman şərəfini qoruyub. Hər iki idmançı nəhəng slalom və slalom yarışlarında mübarizə aparıb.


Olimpiadanın favoritləri
Bukmeykerlər Vankuverdə keçirilən qış Olimpiya oyunlarının favoritlərinin siyahısını tərtib ediblər. Dünyanın ən nüfuzlu bukmeker kontoru sayılan "Bwin” ən çox medal əldə edə biləcək ölkə kimi Almaniyanın adını ilk sırada göstərib. Favoritlərin siyahısında 2-ci pillədə ev sahibi Kanada komandası, 3-cu pillədə isə ABŞ yığması qərarlaşıb. Digər bukmeyker kontorları da olimpiadanın favoriti kimi Almaniya komandasını göstəriblər.


Vankuverdə baş verən faciə
Qış Olimpiya oyunlarının açılışından bir neçə saat əvvəl Gürcüstanın kirşə idmançısı Nodar Kumaritaşvili dünyasını dəyişib. Sahədə məşq zamanı o, idərəetməni itirib və kənardakı məneəyə dəyib. Saatda 140 kilometrdən çox sürətlə irəliləyən idmançının kirşəsi 16-cı döngədə yolun buzdan qurulmuş yan divarını yarıb. Kirşənin zərblə atdığı idmançı kənarda qurulmuş maneəyə çırpılıb. Həkimlər dərhal idmançıya yardım etsələr də, o, aldığı zədələrdən xəstəxanada keçinib. Bu faciəvi hadisəyə baxmayaraq, Gürcüstan yığması qış Olimpiya oyunlarında iştirakını dayandırmayacağını bildirib.
Maraqlıdır ki, Vankuver-2010 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi gürcü idmançısının öz səhvi üzündən öldüyünü deyib. Təşkilat Komitəsi bildirib ki, buz yolda hər hansı çatışmazlıq aşkar olunmayıb. Ona görə də, kirşə yarışları zamanı bu yoldan istifadə olunacaq. Ancaq bununla belə, analoji qəzaların baş verməməsi üçün finiş sahəsindəki yan divarların hündürlüyü artırılıb. Təşkilatçılar bunun profilaktik addım olduğunu qeyd ediblər.
Xatırladaq ki, Beynəlxalq Kirşə İdmanı Federasiyası bu faciə ilə bağlı bəyanat verib. Federasiya hesab edib ki, Uistlerdəki kirşə yolu dünyada ən sürətli və təhlükəli yoldur. Çünki həmin buz yolu səhv layihələndirilib. Yolda maksimum sürətin 137 kilometr olması nəzərdə tutulub, ancaq həmin yolda hərəkət edən kirşənin sürəti 157 kilometrə çatır. Yarış yolunun tikintisini həyata keçirən şirkətin təmsilçisi də etiraf edib ki, bu yol yenidən qurulmalı, ilk növbədə finiş sahəsinin kənarının hündürlüyü artırılmalıdır. Şirkət rəsmisi də kirşə yolunun çox sürətli alındığını, normadan kənara çıxdığını etiraf ediblər.

Təhlükəsizlik üçün 930 milyon dollar
Vankuverdə keçirilən qış Olimpiya oyunları özünəməxsus rekordla tarixə düşüb. Olimpiadanın təhlükəsizliyinin təminatına 930 milyon dollardan artıq vəsait ayrılıb. Təhlükəsizliyin təmin olunması ilə 15 min nəfər məşğul olub. Bu, yarışda iştirak edən idmançıların ümumi sayı ilə müqayisədə təxminən 6 dəfə çoxdur. O da məlum olub ki, bu cür ciddi təhlükəsizlik tədbirləri yarışı yerində izləyən tamaşaçılar üçün ciddi çətinliklər və narahatlıq yaradıb. Qapalı yerlərdə keçirilən yarışları izləmək istəyənlər oraya 2 saat əvvəldən gəlməli olublar. Açıq havada keçirilən yarışları izləmək arzusunda olanlar isə daha çətin vəziyyətlə üzləşiblər. Belə ki, onlardan 4 saat əvvəldən ərazidə olmaları tələb edilib.

46 illik "hakimiyyətə” son qoyuldu
Rusiyanın fiqurlu konkisürmə üzrə çütlüyü Vankuverdə medalsız qalıb. Xatırladaq ki, rusiyalı fiqurlu konkisürənlər uzun illərdir ki, bu növdə liderlik edirlər. Rusiyalılar sonuncu dəfə İnsburq-1964 Olimpiya Oyunlarında fiqurlu konkisürmədə medal qazana bilməyiblər. Rusların 1964-cü ildən bəri davam edən "hegemonluğuna” 46 ildən sonra son qoyulub.
Vankuver Olimpiadasında bu növ üzrə qoşa yarışda Syue Şen və Xunbo Çjao (Çin) qızıl medal qazanıb. Qısa və sərbəst proqramın yekununda çinli duet 216,57 xal yığıb. Gümüş medal da çinlilərə qismət olub. Tsin Pan və Tsayan Tonudan ibarət cütlük ikinci yerə layiq görülüb. Bürünc medal isə Alyona Şevçenko- Robin Şolkov (Almaniya) duetinə çatıb.
Rusiyalı duetlər arasında ən yüksək nəticəni Yuko Kavuquti- Aleksandr Smimov əldə edib. Bu duet 194,77 balla 4-cü olub. Onlar sərbəst proqram zamanı bir neçə səhvə yol veriblər ki, bu da rusların medal şanslarını azaldıb. Mariya Muxartova-Maksim Trankov dueti 7-ci, Vera Bazarova-Yuri Larionov cütlüyü isə 12-ci olub.