U-17 Liqasında ilk turun qalibləri müəyyənləşdi

U-17 Liqasında ilk turun qalibləri müəyyənləşdi

Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışlarının I turuna yekun vurulub. Yarışın üçüncü - sonuncu günündə oğlanlar arasında 4, qızlar arasında isə 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Ümumilikdə 101 klub və idman cəmiyyətindən 852 cüdoçunun (677 oğlan, 175 qız) qatıldığı turnir gənc cüdoçuların rəqabət şəraitində inkişafına töhfə verib.
Günün nəticələrinə əsasən, oğlanlarda -60 kq çəki dərəcəsində Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Eyni məktəbdən Mehman Əsgərov ikinci yeri qazanıb. Teymur Gülməmmədov (Balakən OİK) və Elgün Səfərov (Mingəçevir UGİM) isə bürünc medallara sahib olublar.
-81 kq çəki dərəcəsində Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həbib Əşrəfli (Yevlax) ikinci, Oktay Bəndəliyev (Şuşa UGİM) və Hüseyn Səfərov ("Judo Club 2012") isə üçüncü yeri tutublar.
-90 kq-da Tamerlan Əliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM) qızıl medala sahib olub. Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) gümüş, Raul İmanov (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM) və Emil Həşimov (Gəncə şəhəri 1 nömrəli UGİŞM) isə bürünc medallarla kifayətləniblər.
+90 kq çəkidə isə İdris Xanbalayev (Mərkəzi Ordu İK) I yeri tutub. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM) ikinci, Səid Bəşirli (Qara Bəbir Sumqayıt) və Ömər Hacılı (Bakı şəhəri 1 nömrəli İOEUGİM) isə üçüncü yerlə kifayətləniblər.
Qızlar arasında -48 kq çəki dərəcəsində Şövkət Kərimova (Bakı şəhəri 10 nömrəli UGİM) birinci, Leyla Yaraxmedova (Xaçmaz UGİŞM) ikinci, Zəhra Mövləmverdiyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM) və Zəhra Quliyeva (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİM) üçüncü olublar.
-63 kq çəki dərəcəsində isə Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli İOEUGİM) qalib gəlib. Türkan Məmmədli (Qədiroğlu İK) gümüş medala layiq görülüb. Aydan Bağırlı ("Judo Club 2020" İK) və Pəri Məmmədli ("Judo Club 2012") isə bürünc mükafatçılar sırasına düşüblər.
Qeyd edək ki, U-17 Liqası yeniyetmələrin yarış təcrübəsini artırmaq və milli komandaya potensial namizədləri üzə çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb edir.