Bakı sakinləri idman hadisələrini mütəmadi izləyirlər

Bakı sakinləri idman hadisələrini mütəmadi izləyirlər




Apardığımız rəy sorğusunun nəticəsi belə deməyə əsas verir
Ölkəmizdə idmana olan maraq və diqqətdən hər zaman əminliklə danışırıq. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə bu sahədə böyük uğurlara sahib olmuşuq. Qısa zaman rəzində idman göstərilən diqqət ölkə hüdudlarını da aşıb. Artıq bütün dünyada Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Beynəlxalq aləmdə əldə olunan etimada görə dünyanın bir sıra idman yarışları ölkəmizdə keçirilir.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğində müstəsna rol oynayan "Olimpiya dünyası” qəzeti vaxtaşırı olaraq şəhər sakinləri arasında sorğu keçirir. Paytaxtın müxtəlif yerlərində rekspondentlərimiz arasında keçirdiyimiz sorğu Bakı sakinlərinin idman hadisələrinə necə yanaşdığını göstərdi. Növbəti sorğumuz zamanı məlum oldu ki, şəhər sakinləri ölkəmizdə keçirilən idman tədbirlərini izləyir, idmançılarımızın əldə etdikləri uğurlardan xəbərdardırlar. Respondentlərin fevralın 7-də start götürəcək Soçi Qış Olimpiadası və 2015-ci ildə paytaxtımızın evsahibliyi edəcəyi I Avropa Oyunları barədə ətraflı məlumata malik olduqları da bəlli oldu.


Səmiyyə Məmmədova (mühəndis):
- Mən idmanı sevirəm. Gənclik illərimdə gimnastika ilə məşğul olmuşam. İdman çox faydalıdır. Bu gün özümü gümrah hiss etməyimə görə ona minnətdaram. İdmanı sevdiyim üçün imkan tapan kimi müxtəlif növlər üzrə keçirilən yarışları maraqla izləyirəm. Gimnastika yarışlarına isə xüsusi rəğbətim var. Bu idman növü ölkəmizdə böyük ənənələrə malikdir. İdmançılarımız arasında Aliyə Qarayevanın ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyindən xəbərdaram. Bu, hər bir azərbaycanlı kimi, məni də çox sevindirir. Başqa idman növlərini də sevirəm. Güləş, basketbol da diqqətimdən kənarda qalmır. Gənclərimizin idmana maraq göstərməsi sevindirici haldır. İdman onları pis vərdişlərdən də çəkindirir.
Hər il dünyanın müxtəlif yerlərində böyük idman tədbirləri keçirilir. Yenicə qədəm qoyduğumuz 2014-cü ildə bir sıra mötəbər yarışlar keçiriləcək. Onu da bilirəm ki, gələn ay Soçidə Qış Olimpiadası olacaq. Azərbaycan idmançıları da bu yarışlara hazırlaşırlar. Yay Olimpiadasından fərqli olaraq qış oyunlarında idmançılarımız medal qazana bilməyiblər. Lakin həmin mötəbər yarışda iştirak etmək də hünər və şücaət tələb edir. İnanıram ki, günü-gündən inkişaf edən idman növlərimiz arasında qış idman növləri də inkişaf edəcək. Azərbaycan dünya idman ailəsində böyük nüfuza malikdir. Bunun nəticəsidir ki, tarixdə ilk dəfə Avropa Oyunları Azərbaycanda təşkil olunacaq. Bu sübut edir ki, respublikamız bundan da böyük idman tədbirlərinə ev sahibliyi edə bilər. Məlumdur ki, bu oyunların keçirilməsi üçün respublikamızda böyük işlər görülür. Dünya standartlarına uyğun idman qurğuları, stadionlar, Olimpiya kompleksləri tikilib istifadəyə verilir. Bu isə idmanın inkişafı üçün vacib amillərdən biridir. Hazırda idmançıların sayı getdikcə artır, idman kütləviləşir. Bütün idmançılara uğurlar arzulayıram.

Leyla Ağayeva (müəllimə):
- Bizim ailəmizdə hamı idmanı sevir. Oğlum da idmanla məşğul olur. Ailəmizdə idmana böyük maraq var. Oğlumun gələcəkdə yaxşı idmançı olmağını istəyirəm. Özüm isə futbol azarkeşiyəm. "Qalatasaray” komandasının bütün oyunlarını izləyirəm. Bir vətəndaş kimi fərəh hissi keçirirəm ki, respublikamız idman ölkəsi kimi tanınır, mötəbər idman yarışlarına ev sahibliyi edir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Olimpiya oyunlarında medallar qazanır, bayrağımızı dalğalandırırlar. Azərbaycanı qarşıda böyük idman sınağı gözləyir. Sevindirici haldır ki, dünyanın diqqətini çəkən I Avropa Oyunları məhz Bakıda keçiriləcək. Bu oyunların keçirilməsinə ciddi hazırlıq işləri gedir. Bölğələrimizdə istifadəyə verilən müasir standartlara uyğun Olimpiya idman kompleksləri isə rayonlarda idmanın daha da inkişaf etməsinə imkan yaradır.
I Avropa Oyunlarının paytaxtımızda keçirilməsi bizim uğurumuzdur. Bu həm idman, həm də turizmin inkişafına xidmət edəcək. Bir neçə gün sonra Soçidə keçiriləcək qış Olimpiya oyunlarında idmançılarımızın medal qazanmalarını arzu edirəm. İnanıram ki, Azərbaycan idmançıları bu oyunlarda da nailiyyətlər əldə edəcəklər.


Cavan Mansurov (təqaüdcü):
- Gəncliyimdə idmanla məşğul olmamışam. Buna görə çox təəssüflənirəm. İdmanla məşğul olan yaşıdlarım daha gümrahdırlar. Hətta onlar cavan görünüşləri ilə də seçilirlər. Zənnimcə, idmanla məşğul olmaq heç vaxt gec deyil. Odur ki, tez-tez Dənizkənarı Milli Parka gəlir, yürüş etməyə çalışıram. İdmançıları alqışlayır, cətin və şərəfli işlərində onlara uğurlar arzulayıram. Futbola baxmaqdan xüsusi zövq alıram. "İdman Azərbaycan” kanalı və qəzetlər vasitəsilə idman xəbərlərini izləyirəm. Soçidə keçiriləcək qış İdman oyunları barədə də məlumatım var. Bizim idmançılar çox güclü və əzmkardırlar. İnanıram ki, onlar bu yarşlarda da öz hünərlərini nümayiş edəcək və medallar qazanacaqlar. Respublikamızda idmanla məşğul olmaq üçün hər bir şərait yaradılıb. Ölkə rəhbərliyi tərəfindən idmançılara yüksək qayğı və diqqət göstərilir. Onların borcu vətənə medallarla qayıtmaqdır. I Avropa Oyunlarının Bakıda keçirilməsi isə olduqca sevindirici haldır. Bununla sübut edirik ki, biz idman sahəsində yüksək sürətlə inkişaf etmişik. Bundan sonra da idman sahəsində irəliləyəcək, çoxlu uğurlar əldə edəcəyik. Olimpiya cempionları arasında Fərd Mansurovu, Elnur Məmmədlini, Toğrul Əsgərovu tanıyıram və onlara uğurlar arzu edirəm. Bugünlərdə Soçidə keçiriləcək qış olimpiadasında idmançılarımıza qalib gəlməyi, ölkəmizi layiqincə təmsil etməyi diləyirəm.


Lalə Məmmədova (mühasib):
- Qürur hissi keçirirəm ki, idman ölkəmizdə yüksək sürətlə inkişaf edir. Gənclik illərimdə fiqurlu konkisürmə idman növünə marağım var idi. Yarışlara baxıb, gimnast olmağı arzulayırdım. İndi idmanla məşğul olanların sayı olduqca çoxdur. Bu say getdikcə artmaqdadır. Ailəmizdə də idmana böyük maraq göstərirlər. Qardaşlarım idmanla məşğul olurlar. Ümumiyyətlə, idmançı olmaq şərəfli işdir. Uşaqlara isə idmanla məşğul olmaq daha vacibdir. Bu, onlarda vərdiş halına çevrilir və uşaqların inkişafına səbəb olur. Sevindirici haldır ki, ölkəmiz idman ölkəsi kimi tanınır, inkişaf edir. Beynəlxalq yarışlarda atletlərimiz qızıl medallar qazanır, ölkəmizi tanıdırlar. 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi isə önəmli hadisələrdən biridir. Belə mötəbər yarışın məhz bizim ölkədə olması vətənimizin şöhrətini daha da artıracaq, dünya ölkələrinin diqqətini Azərbaycana çəkəcək. Bu günlərdə Soçidə keçiriləcək qış Olimpiya oyunlarında idmançılarımız çıxış edəcəklər.


Əli Əbilov (iqtisadçı):
- İdman hər bir insana faydalıdır. Peşəkar idmançı olmasam da, hər zaman idmanla məşğul oluram. Üzgüçülük və qaçış ən çox sevdiyim idman növlərindəndir. Turizm sahəsində çalışıram. Bu sahə idmana çox yaxındır. İdman hər bir insanın həyat tərzi olmaldır. Bu sahəyə həvəs göstərən insanlara demək istəyirəm ki, idmanla mütləq məşqçi- müəllimin nəzarəti altında məşğul olsunlar. Çünki öz başına edilən idman sağlamlıq üçün fəsadlar törədə bilər. Mən idmançılarımızla fəxr edirəm və onların necə çətin işlə məşğul olduqlarını bilirəm. Olimpiya çempionlarımızı tanıyır və onların çıxışlarını izləyirəm. Gərgin mübarizə şəraitində keçən yarışlarda onların necə əziyyətlə qalib gəldiyini görürük. Onu da deyim ki, London Olimpiadasında idmançılarımızın qazandıqları uğurlar bütün xalqımızı sevindirdi. Onlar Azərbaycanımızı layiqincə təmsil etdilər. Soçidə keçiriləcək qış Olimpiya oyunlarında da idmançılarımızdan böyük uğurlar gözləyirik. İnanıram ki, onlar medal qazanmaq üçün əllərindən gələni edəcəklər. İdman azarkeşi kimi atletlərimizi dəstəkləyir, onlardan qələbə gözləyirəm. I Avropa Oyunlarının məhz Azərbaycanda təşkil olunması isə olduqca sevindirici haldır. Bu, bütün ölkəmizin uğurudur. Belə bir mötəbər oyunlar zamanı dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönələcək. Bu isə həm idman, həm turizm, həm də iqtisadiyyatımıza öz töhfəsini verəcək.


Musa Rzayev (təqaüdçü):
- Gəncliyimdə güləşlə məşğul olmuşam. O dövrdə idmanla məşğul olanlar çox deyildi. Lakin güləş elə bir idman növüdür ki, bütün Azərbaycan kişiləri bu idmanı çox sevirlər. Yəqin ki, bu, bizim tariximiz, idman ənənələrimizlə bağlıdır. İndi isə yürüş edir, fəal həyat tərzi sürməyə çalışıram. "İdman sağlamlığın təməlidir”, - deyirlər. Bu fikirlə tamamilə razıyam. Bu gün sağlam yaşadığım üçün məhz idmana borcluyam. İnsan gərək hər zaman hərəkətdə olsun. Tənbəllik ən böyük xəstəlikdir. Bu baxımdan, sağlam yaşamaq istəyənlər idman etməlidirlər. İdmançılarımızın qazandıqları nailiyyətlər bizi çox sevindirir. Güləş, boks, ağırlıqqaldırma üzrə bir sıra yaddaqlan nailiyyətlər əldə edirik. Atletlərimiz beynəlxalq arenalarda Azərbaycanın bayrağını ucaldır, himnimizi səsləndirirlər. Bu isə ölkəmizin daha da tanınmasına səbəb olur. Hər bir vətəndaş ölkəmizə qızıl medal gətirən idmançıları tanımalı, onlarla fəxr etməlidir. Soçidə keçiriləcək qış olimpiadasında da idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. Əminəm ki, idmançılarımız əllərindən gələni edəcəklər. Onu da deyim ki, Qusarda və Qubada açılan yay-qış istirahət komplekslərində qış olimpiadalarının proqramına salınan idman növləri ilə məşğul olmağa yaxşı şərait var. Xizəksürmə və konkisürmə qış idman növləri arasında ən çox sevdiyim idman növləridir. Ümid edirəm ki, idmançılarımız bütün yarışlardan qələbə sevinci ilə qayıdacaqlar.

Ağa Valehli (tələbə):
- Mən Azərbaycan Texniki Universitetinin I kurs tələbəsiyəm. İdmana böyük marağım var. Güləşlə məşğul olmuşam. İdman oyunlarını böyük həvəslə izləyirəm. İdmançılarımızın qazandıqları uğurlar hər bir vətəndaş kimi, məni də sevindirir. Olimpiya oyunlarında medal qazanan və Azərbaycanın bayrağını zirvələrə qaldıran bütün idmançılarla fəxr edirəm. Onlar beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, vətənimizin adını uca tuturlar. I Avropa Oyunlarının paytaxtımızda keçirilməsi isə olduqca sevindirici haldır. 2015-ci ildə keçirilməsi nəzərdə tutulan bu mötəbər yarışı səbirsizliklə gözləyirik. Bugünlərdə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza da qələbə arzulayıram.
Jalə Rzabəyli,
Anar Əhmədov,
Zaur Mehtiyev