UEFA rəhbərliyi Çempionlar Liqasının əsas mərhələlərində (pley-off mərhələləri daxil olmaqla) mühüm dəyişikliyə imza atmağa hazırlaşır.
"Olimpnews.az" xəbər verir ki, Avropa futbolunun ali idarəetmə orqanı növbəti mövsümdən etibarən oyunların əlavə hissələrsiz keçirilməsi ilə bağlı ciddi müzakirələr aparır.
Bu təklif futbolçuların fiziki yükünü azaltmaq və sıx oyun təqviminə uyğunlaşmaq məqsədi daşıyır.
Hazırda qüvvədə olan qaydalara əsasən, iki oyunun cəmi bərabərliklə başa çatdıqda, əlavə 30 dəqiqəlik vaxt oynanılır və nəticə yenə bərabər olarsa, qalibin adına penaltilər seriyasında aydınlıq gəlir.Yeni təklifə görə isə, əlavə vaxt mərhələsi tamamilə ləğv edilərək, bərabərlik halında dərhal penaltilərə keçilməsi nəzərdə tutulur.
UEFA-nın bu dəyişikliyi 2025/26 mövsümündən etibarən tətbiq etməsi gözlənilsə də, bu qərarın qəbul edilməsi üçün hələlik rəsmi təsdiq yoxdur.
UEFA-nın bu təklifi ilə bağlı yekun qərarının yaxın aylarda açıqlanması gözlənilir.
Qeyd edək ki, bu, UEFA tərəfindən son illərdə tətbiq olunan qayda dəyişikliklərinin davamı kimi görülür. Xatırladaq ki, 2021-ci ildən etibarən səfər qolu qaydası da ləğv olunmuşdu.