Olimpiya mükafatçıları 8 aydır ki, pul gözləyirlər 

Olimpiya mükafatçıları 8 aydır ki, pul gözləyirlər 

Paris-2024 Yay Olimpiya Oyunlarından 8 ay keçsə də, medal qazanan qazaxıstanlı idmançılar hələ də onlara vəd edilən pul mükafatlarını ala bilməyiblər.

Məsələ ilə bağlı Qazaxıstanın İdman və Turizm Nazirliyi açıqlama verib. “Qazaxıstan Hökuməti 2024-cü ildə Parisdə keçirilən Olimpiya və Paralimpiya Oyunlarının yerli çempion və mükafatçılarının mükafatlandırılması haqqında qərar qəbul edib. Bu addım dövlətimizin başçısının tapşırığına uyğun olaraq həyata keçirilir. Qərar qüvvədə olan qanunvericiliyə uyğun hazırlanmış və səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmışdır.

Sənəd beynəlxalq arenada yüksək idman nailiyyətlərinə görə idmançıların və onların məşqçilərinin dövlət mükafatlarını nəzərdə tutur. Ödənişlərin qaydası və məbləği əvvəllər təsdiq edilmiş standartlara uyğun olaraq müəyyən edilir. Tezliklə idmançılarımız öz mükafatlarını alacaqlar ”, - deyə Vesti.kz qurumun mətbuat xidmətindən sitat gətirib.

Xatırladaq ki, Qazaxıstan Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının qalibləri üçün eyni pul mükafatı təsis edib. Qızıl medal üçün 250 min, gümüş medal üçün 150 min, bürünc medal üçün 75 min dollar nəzərdə tutulub. Bundan başqa yarışlarda dördüncü yeri tutan idmançılar 30 min dollar alacaqlar. Beşinci yer 10 min, altıncı yer isə 5 min dollar əldə edəcək.