"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti Braziliya milli komandası ilə bağlı danışıqlarda yekun razılığa gələ bilməyib.
Olimpnews.az xəbər verir ki, uzun müddətdir gündəmdə olan bu mümkün əməkdaşlıq son anda baş tutmayıb.
Braziliya Futbol Federasiyası təcrübəli baş məşqçinin iyul ayında komandanın sükanı arxasına keçməsini tələb etsə də, "Real Madrid"in çalışdırıcısı bu keçidin yalnız avqust ayında mümkün olacağını bildirib. Zaman fərqi tərəflər arasında anlaşılmazlıq yaradıb və sonda danışıqlar nəticəsiz qalıb.
Madrid klubu isə Ançelottinin vaxtından əvvəl ayrılmasını transfer kimi qiymətləndirir və bu səbəbdən baş məşqçiyə müqavilənin yerdə qalan hissəsi üzrə maaş ödənilməsini məqsədəuyğun hesab etməyib. Beləliklə, maliyyə məsələləri də anlaşmanı çətinləşdirən əsas amillərdən birinə çevrilib.
İndi isə Ançelottinin qarşısında tam fərqli bir yol açılıb. Səudiyyə Ərəbistanından ona ildə 50 milyon avro dəyərində təklif göndərilib. Bu təklif reallaşsa, Karlo futbol dünyasında ən çox qazanan baş məşqçilərdən birinə çevriləcək.