Aprelin 30-da Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsini vitse-prezidenti Fərid Mansurov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, federasiyanın baş katibi Fərhad Əliyev, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, Olimpiya çempionları, müxtəlif federasiyaların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca iştirakçı ölkələrin təqdimatı olub.
Mərasimdə çıxış edən AKAF-ın baş katibi Fərhad Əliyev yarış iştirakçılarını salamlayaraq, turnirin reqlamenti barədə məlumat verib.
"Bu gün 20-dən çox ölkənin iştirakı ilə tarixi torpağımız Suqovuşanda növbəti dəfə avarçəkmə üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilir. Reqtanin ilk günü Suqovuşanda, sonrakı iki günü isə Mingəçevirdə təşkil olunacaq. Turnirə hər il xarici ölkələr tərəfindən böyük maraq var", - deyə Fərhad Əliyev bildirib.
Mərasimdə çıxış edən Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana Suqovuşanda keçirilən tədbirdə iştirak etdiyinə görə məmnunluğunu bildirib. Azərbaycanda avarçəkmə idman növünün ildən-ilə inkişaf etdiyini qeyd edən beynəlxalq qurumun rəsmisi turnirin Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edildiyinin əhəmiyyətini vurğulayıb.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarını nazirlik adından salamlayıb. O, növbəti dəfə tarixi torpaqlarımızda yarışların təşkil edildiyini və turnirdə 20-dən artıq ölkədən 200-dən çox idmançının mübarizə apardığını qeyd edib.
"Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası artıq beşinci dəfədir ki, Suqovuşanda yarış təşkil edir. Xatırlayıram ki, ilk dəfə 2022-ci ildə təşkil olunan yarışda 4 ölkənin idmançıları iştirak edirdi. Bu gün isə iştirakçı ölkələrin nümayəndələri artıq 20-dən çoxdur. Bu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının son illərdə gördüyü məqsədyönlü işlərin nəticəsidir", - deyə Fərid Qayıbov bildirib.
Nazir çıxışının sonunda "Prezident Kuboku-2025" beynəlxalq reqatasını açıq elan edib.
Rəsmi hissənin ardınca tamaşaçılar Suqovuşan su anbarında komandaların ölkə bayraqları ilə nümunəvi keçidlərini izləyiblər.
Sonra bayrağımızın rənglərini özündə əks etdirən şarlar havaya buraxılıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Suqovuşan və Mingəçevirdə keçirilən reqatada 20-dək çox ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 200-dən çox yerli və xarici idmançı iştirak edir.
Turnirin ilk yarış günündə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunacaq.
Yarışların növbəti iki günü mayın 1-2-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Yarışın qalibləri diplom, medal və kubokla mükafatlandırılacaqlar.
Xatırladaq ki, "Prezident Kuboku” reqatası artıq üçüncü ildir ki, Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.