«Neftçi» İSM-in idman xronikası

«Neftçi» İSM-in idman xronikası


Boks:

«Sərhədçi» Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə respublika birinciliyi keçirilib. 10 çəki dərəcəsində təşkil olunan yarışda paytaxt və bölgələrin müxtəlif idman cəmiyyətlərindən 147 dəri əlcək ustası qüvvəsini sınayıb.

«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin gənc boksçuları ölkə birinciliyində əzmkarlıqla mübarizə apararaq 7 medala (2 qızıl, 1 gümüş, 4 bürünc) sahib olublar. Onlardan Xəyyam Məmmədov (56 kq) və Teymur Vəliyev (+91 kq) bütün döyüşləri qalib kimi başa vuraraq çempion tituluna yüksəliblər. Yalnız finalda məğlub olan İbrahim İmanov (52 kq) gümüş medala layiq görülüb. Rüfət Bənibəşarəti (52 kq), Asif İsmayılov (60 kq), Rövşən Musayev və Elvin Məhərrəmov (hər ikisi 69 kq) isə yarışı 3-cü yerdə başa vurublar.

Qılıncoynatma:

Qılıncoynatma Federasiyasının idman zalında adıçəkilən növ üzrə 1997-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Zərif cinsin 12 nümayəndəsinin mübarizəyə qoşulduğu sablya növündə mərkəzin yetirmələrindən Fatimə İbrahimova qalib adını qazanıb. Nərminə Cəfərova 2-ci, Fatimə Məmmədova isə 3-cü yerə çıxıb. 14 nəfərin bacarığını nümayiş etdirdiyi oğlanların eyni növdəki yarışında isə Elvin Rzazadə və Xalid Əsədov bürünc medala yiyələniblər.



Atletika:

Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib. «Neftçi» İSM-in yarışda təmsil olunan atletləri uğurlu çıxışları ilə diqqət çəkiblər. İdmançılarımız 5-i qızıl, 7-si gümüş və 2-si bürünc olmaqla, paytaxt çempionatının 14 medalını qazanıblar. Atletlərimizdən Valentin Bulıçev 60 metr məsafəyə (7.07 saniyə), Orxan Ramazanov 1500 metrə qaçışda (4 dəqiqə 26.6 saniyə), Murad İbadullayev üçtəkanla (15 metr 83 sm) və uzununa tullanmada (6 m 76 sm) Vüqar Novruzov isə 800 metrin qətində (2.02.05) çempionluq sevinci yaşayıblar.

Sambo:

Şağan Olimpiya Kompleksində 1996-98-ci illər təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı şəhər birinciliyi sona çatıb.

«Neftçi» İSM-in samboçuları paytaxt birinciliyinin 19 medalına (8 qızıl, 6 gümüş, 5 bürünc) sahib çıxıblar. Mərkəzin yeniyetmələri arasında Eyvaz Baxşıyev (48 kq), Nicat Rzaquliyev (52 kq), Fərid Qardaşxanov (56 kq), Eltun Quliyev (60 kq), Yusif Nəbiyev (70 kq), Elçin Sadıqov (75 kq), Ələsgər Aşumov (87 kq) və Emil Yaqubov (+87 kq) rəqib tanımayaraq, yarışın qalibi adını qazanıblar.

Badminton:

Bakı Slavyan Universitetinin idman zalında yeniyetmələr arasında badminton üzrə Bakı şəhər birinciliyinə yekun vurulub.

«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin badmintonçularının da yer aldığı yarışı yeniyetmə idmançılarımız üçün uğurlu hesab etmək olar. Belə ki, mərkəzin yetirməsi Fuad Xəlilov 2002-ci il təvəllüdlü və kiçik yaşlılar arasında şəxsi və qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2000-ci il təvəllüdlülər arasında isə Səbuhi Hüseynov şəxsi, qoşa və qarışıq-qoşa yarışlarında eyni uğura imza atıb. Paşa Mitəlov qoşa yarışlarda 2-ci, qarışıq-qoşada isə 3-cü yeri tutub. Digər badmintonçumuz Fuad Əliyev şəxsi yarışlarda bürünc, qoşa yarışlarında isə gümüş medala layiq görülüb.

Tofiq Ataxanoğlu

«Neftçi» İSM-in mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist