Güləşçilərimiz İstanbulda 5 medala sahib oldular

Güləşçilərimiz İstanbulda 5 medala sahib oldular

Fevralın 2-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş güləş üzrə 32-ci beynəlxalq turnirə yekun vurulub.
Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası ilə yanaşı, Türkiyə, Qazaxstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparıblar.
Turnirin ilk günündə yığma komandamız 1 qızıl və 2 bürünc medala sahib olmuşdur. Rəsul Çunayev (71 kq) qızıl, Rüstəm Əliyev (71 kq) və Saman Təhmasibi (98 kq) bürünc medal qazanmışlar.
Turnirin ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulublar. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Yarışda 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Şəhriyar Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq türkiyəli və özbəkistanlı rəqiblərini məğlub edən güləşçimiz finalda Belarus təmsilçisi ilə qarşılaşıb. Görüşdə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.
Milli komandamızın üzvü Elvin Mürsəliyev (75 kq) ilk görüşünü qələbə ilə başa vursa da ikinci görüşdə məğlub olub. Rəqibinin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı qazanan güləşçimiz bu imkanı yaxşı dəyərləndirib. Bürünc medal uğrunda görüşdə Elvin Mürsəliyev İran güləşçisi qarşılaşıb. Minimal hesablı qələbə qazanan güləşçimiz bürünc medala yiyələnib.
Ümumilikdə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz 39 xal toplayaraq komanda hesabında üçüncü yeri tutublar.
Türkiyə millisi birinci, Belarus yığması isə ikinci yeri tutub.