“İnformazione” xəbər portalında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilmişdir

“İnformazione” xəbər portalında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilmişdir


İtaliyanın "İnformazione” xəbər portalında 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı geniş məqalə yerləşdirilib.
Yazıda Azərbaycanın paytaxtı Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının açılış mərasiminə 500 gün qalması ilə bağlı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan paytaxtında bütün Avropa xalqlarını birləşdirəcək möhtəşəm idman tədbiri keçirmək üçün yüksək səviyyəli hazırlıq işləri aparılır. Bu həftədən başlayaraq "Bakı-2015” Təşkilat Komitəsi Avropanın 49 Milli Olimpiya Komitəsinə idman növlərinin təsnifatı ilə bağlı məlumatı göndərməyə başlayacaq.
Diqqətə çatdırılır ki, Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərti ilə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli yarışlar olacaq. Bunlar velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleyboludur. Proqrama digər idman növlərinin də əlavə edilməsi gözlənilir. Yarışlarda 5 min 400-dən artıq idmançının iştirakı nəzərdə tutulub.
Məqalədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeyin, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun, "Bakı-2015” Əməliyyat Komitəsinin baş əməliyyat rəhbəri Cim Şerin fikirlərinə də yer verilib. Vurğulanıb ki, şübhəsiz, Azərbaycan bütün Avropanın heyran qalacağı əzəmətli bir idman yarışı təşkil edəcək.
Yazıda "Bakı-2015” Avropa Oyunları ilə bağlı ətraflı məlumat da öz əksini tapmışdır.