Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib


Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadənin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 3 məsələ daxil edilib:


- 2013-cü ildə Fondun fəaliyyəti haqqında yekun hesabat
- 2014-cü ildə Fondun tədbirlər planının təsdiqi
- 2014-cü il üçün Fondun ekspertlərinin tərkibinin təsdiqi
Gündəliyə uyğun olaraq, "Fondun 2013-cü il üzrə fəaliyyəti barədə yekun hesabat”ını Fondun icraçı direktoru Vüqar Səfərli təqdim edib. 2013-cü ildə görülən işlər və sərf olunmuş maliyyə vəsaiti barədə məlumat verən Vüqar Səfərli Müşahidə Şurası üzvlərinin mövzu ətrafında suallarını cavablandırıb. Bundan sonra Şura üzvləri çıxış edərək hesabat və ümumilikdə 2013-cü ildə görülmüş işlər barədə fikirlərini səsləndiriblər. Şura üzvlərindən Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, İntiqam Hümbətov Fondun 2013-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, hesabatın qəbul edilməsini məqbul sayıblar. Hesabat yekdilliklə qəbul edilib.
Gündəlikdə yer alan növbəti məsələ "2014-cü il üzrə Fondun Tədbirlər Planı” olub. Layihə ilə tanış olan Şura üzvləri layihəyə əlavə və təkliflərini bildiriblər. Şura üzvlərindən Bəxtiyar Sadıqov və Müşfiq Ələsgərli çıxış edərək "2014-cü il üzrə Fondun Tədbirlər Planı” layihəsinin ümumilikdə qənaətbəxş olduğunu, bəzi texniki xarakterli düzəlişlərlə qəbul edilməsinin mümkünlüyünü bildiriblər. Təklif və rəylər qeydə alınmaqla, 2014-cü il üçün tərtib edilmiş Tədbirlər Planı Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
Sonra isə 2013-cü il ərzində həyata keçiriləcək layihə və müsabiqələrə təqdim olunacaq yazıların qiymətləndirilməsi üçün Fondun ekspertlərinin tərkibinə baxılıb. Ekspertlər siyahısı da Şura üzvləri tərəfindən təsdiq edilib.