Azərbaycanın üç mütəxəssisinə batut üzərində tullanma üzrə beynəlxalq dərəcəli hakim statusu verilib.
Bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyasının batut üzərində tullanma üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruşun iştirakı ilə yanvarın əvvəlində Bakıda hakimlər üçün keçirilmiş seminarın yekunlarına əsasən qəbul edilib.
Bakı Gimnastika Məktəbinin məşqçiləri Abdulla Qasımov, Rahib Əliyev və Adil Hüseynzadə kursları dinlədikdən sonra 3 imtahanı müvəffəqiyyətlə verərək, 4-cü dərəcəli hakim (breve) statusu alıblar.
Xatırladaq ki, Adil Hüseynzadə həm də tamblinq üzrə 3-cü beynəlxalq dərəcəli hakimdir.
Bu hakimlər cari ilin yay və payız aylarında dünya kubokunun İsveçrə, Belarus və Portuqaliyada keçiriləcək mərhələlərində, aprelin əvvəlində isə Portuqaliyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Batut üzərində tullanma Azərbaycanda idmanın yeni növü sayılır. Azərbaycan Gimnastika Federasiyası bu növü keçən ildən inkişaf etdirməyə başlayıb. Ölkəmizin yığma komandasının üzvü Ruslan Ağamirov dünya çempionatında, Dünya kubokunun bir sıra mərhələlərində iştirak edib, Belarusda keçirilən beynəlxalq turnirdə isə ikinci yeri tutub.