Sosial müavinət və təqaüdlərlə bağlı artım məsələsi son günlər cəmiyyətdə geniş müzakirə olunur. Bildiyimiz qədərilə aidiyyəti qurumlar tərəfindən artımla bağlı təkliflər hazırlanıb və Prezidentə təqdim olunub.
Bəs bu artımlar nə vaxt baş verə bilər? Hansı sosial qrupları əhatə edəcək və nə qədər faiz artım gözlənilir?
"Olimpnews.az" "Ajans.az"-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli yaxın zamanda bu məsələ ilə bağlı qərar veriləcəyini bildirib.
‘’Ola bilsin, bu ayın sonunda və ya gələn ayın əvvəllərində parlamentdə büdcə parametrlərinə baxılsın. O zaman büdcədən müəyyən vəsaitlərin ayrılması prezident fərmanı və ya büdcəyə əlavələrlə və düzəlişlərlə edilə bilər. Belə bir gözlənti var. Əsasən müharibə iştirakçılarına, sosial müavinət alanların aldıqları üzrə müəyyən indeksləşmələr və kompensasiyalar ödənilməlidir. Çox güman ki, bu artım yaxın 1 ay ərzində ödəniləcək’’, - deyə Natiq Cəfərli bildirib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli isə söyləyib ki, hazırkı iqtisadi və sosial şəraiti nəzərə alaraq, bu sahədə dövlət tərəfindən müəyyən addımların atılması zəruri hesab olunur:
‘’Bildirilir ki, aidiyyəti dövlət qurumları artımla bağlı təkliflər hazırlayaraq Prezidentə təqdim ediblər. Məsələ artıq qərarverici mərhələyə çatıb. Əgər bu təkliflər dövlət başçısı tərəfindən təsdiqlənərsə, artımların 2025-ci ilin ikinci yarısından – xüsusilə iyul və ya sentyabr aylarından qüvvəyə minməsi gözlənilir. Əvvəlki illərin təcrübəsinə əsasən, belə qərarlar ya ilin ortasında, iyul ayında, ya da büdcə düzəlişləri fonunda payız aylarında icra olunur. Mövcud təkliflərə əsasən, müxtəlif sosial qruplar üzrə artım faizi fərqli ola bilər.
Belə ki, az təminatlı ailələrə verilən sosial müavinətlərin 15-20%, əlilliyi olan şəxslər, şəhid ailələri və müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin 20-25%, tələbə və elmi təqaüdlərdə isə 10-12% arasında artım ehtimal edilir. Hökumət bu artımların əsas məqsədini inflyasiyanın əhalinin aztəminatlı təbəqəsinə mənfi təsirinin azaldılması ilə izah edir. Qeyd edilməlidir ki, bu məsələ dövlət başçısının yekun qərarından asılıdır və yalnız onun təsdiqindən sonra reallaşacaq’’.