Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Yaxın vaxtlarda...

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Yaxın vaxtlarda...

“Sənədsiz evlərlər bağlı yaxın zamanda amnistiya aktı olacaq. Bununla bağlı qanunvericilik bazası da hazırlanıb. Belə ki, “Qiymətləndirmə haqqında”qanuna müvafiq dəyişiklik edilib. Bu dəyişikliyə əsasən  bələdiyyə torpaqlarının qiymətləndirilməsi yeni qaydada aparılacaq.

Yəni, bundan sonra satışa çıxarılan bələdiyyə torpaqları Qiymətləndirmə Palatasından qeydiyyatdan keçmiş qiymətləndiricilər tərəfindən qiymətləndiriləcək.

Qanuna belə bir əlavənin edilməsi onunla bağlıdır ki, bundan sonra vətəndaşlara satılan torpaqlar bələdiyyələrin subyektiv maraqlarına görə deyil, real bazar qiymətlərinə uyğun qiymətləndiriləcək. Bu da həm alqı-satqı prosesində şəffaflıq yaradacaq, həm də torpaq alan vətəndaşın qayğılarını xeyli azaldacaq. Eyni zamanda vətəndaş çox asanlıqla aldığı torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ala biləcək”.

"Olimpnews.az" xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Yeni qanun nələri dəyişəcək?

O bildirib ki, uzun illər bələdiyyə mülkiyyətində olan torpaqlar müxtəlif əyri yollarla vətəndaşa satılırdı:

“Amma bu alqı-satqıdan dövlət büdcəsinə bir qəpik də olsun vəsait daxil olmurdu. Yeni qanun bu məsələni tənzimləyəcək. Məlumdur ki, bələdiyyələrin qanunsuz əməlləri hesabına bu gün onminlərlə insan tikib, yaşadığı evə rəsmi sənəd ala bilmir. Qanunvericiliyə əsasən vətəndaş ilk növbədə fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsinı Dövlət Reyestrindən çıxarış almalıdır. Bundan sonra tikiləcək evin hazrlanmış layihəsi müvafiq icra orqanları tərəfindən təsdiqlənməlidir. Yalnız bundan sonra hər hansı bir tikinti işi aparıla bilər.

Çox təəssüf ki, uzun illər proses tərsinə gedib.

Vətəndaşlar əvvəlcə evlərini tikirdi, sonra onun sənədləşdirilməsi barədə düşünürdü. Bu və digər səbəblər üzündən bu gün ölkədə yarım milyondan çox sənədsiz ev var. Sənədsiz evlərlə bağlı yaxın aylarda amnistiyanın veriləcəyi gözlənilir. Artıq bütün texniki-iqtisadi əsaslandırmalar aparılıb. Qalıb amnistiyanın verilməsi. Bu amnistiyanın verilməsi isə Ölkə Başçısının səlahiyyətinə aid məsələ olduğu üçün konkret vaxt demək doğru olmaz”.

Hansı evlər amnistiyadan kənarda qalacaq?

Müsahibimiz bildirib ki, amnistiyadan kənar qalacaq evlər barədə də müəyyən fikir var:

“Yüksək gərginlik elektrik xətlərinin altında, su, qaz və neft kəmərlərinin, eləcə də dəmir yollarının mühafizə zolağında tikilmiş evlər amnistiyaya düşməyəcək. Neft istehsalı sahələrində yerləşən, həmçinin hər hansı bir ASC, MMC-lərin mülkiyyətində olan torpaq ərazilərində tikilən evlərə də sənəd verilməyəcək. Burada müəyyən istisnalar da var. Məsələn, sadaladığımız ərazilərdə tikilən evlərin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddirsə, o zaman müəyyən güzəştlər ola bilər”.