Qazanılan medallar gələcək nailiyyətlər üçün stimul yaradır

Qazanılan medallar gələcək nailiyyətlər üçün stimul yaradır

Perspektivli idmançıların üzə çıxması üçün uşaq və yeniyetmələrin idmanla məşğul olması əsas şərtlərdən biridir. Bu gün dünya arenalarında ölkəmizi təmsil edən tanınmış idmançıların əksəriyyəti kiçik yaşlarından idmanla məşğul olub, bacarıqlı məşqçilərdən idmanın sirlərini öyrəniblər. Onlar səbr, dözüm və iradə nümayiş edərək yarışlarda uğurlu nəticələr əldə ediblər. Belə idmançıların yetişməsində klubların, idman cəmiyyətlərinin, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəblərinin (R İOEGİM) üzərinə böyük məsuliyyət düşür. Bacarıqlı uşaqlar idman ocaqlarında formalaşır, idmanın incəliklərinə burada yiyələnirlər. Təsadüfü deyil ki, bu gün Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edən, bayrağımızı yüksəklərə qaldıran atletlər məhz idman məktəbinin yetirmələridirlər.

"İdman gənc nəslin sağlamlığına və formalaşmasına xidmət edir”

Paytaxtımızda idmanın inkişafına xidmət edən idman ocaqlarından biri də 13 saylı RİOUEGİM-dir. Məktəbdə 4 idman bölməsi (akrobatika, cüdo, boks, futbol) fəaliyyət göstərir. Bu bölmələrdə ümumilikdə 62 qrup var və bu qruplarda 674 şagird idmanla məşğul olur. İdman ocağında şagirdlərin 59-u akrobatika, 402-si cüdo, 18-i boks, 195-i isə futbolla məşğuldur. Nəticələr onu göstərir ki, məktəbdə cüdoya maraq göstərənlərin sayı digər növlərlə müqayisədə daha çoxdur. Qeyd edək ki, idman ocağında 40 nəfər məşqçi-müəllim çalışır. Onlardan 25-i cüdo, 8-i futbol, 6-sı akrobatika, 1-i boks üzrə mütəxəssislərdir.

Məktəbdə şagirdlərın idmanla məşğul olması üçün hər bir şərait var. Burada 2 futbol meydançası , cüdo , akrobatika və boks zalları idmançıların ixtiyarındadır. Bununla yanaşı, 57, 34, 109 saylı ümumtəhsil məktəblərinin idman zallarında da RİOEGİM-nin idmançıları məşqlər keçirlər. Məktəbdə idmançıların vətənpərvər ruhda tərbiyə olunması məqsədi ilə tədbirlər planı hazırlanır və icra olunur.
Məktəbin direktoru Rüfət Eyyubov söhbət zamanı dedi: "Məktəbimizdə idmanla məşğul olanların sayı getdikcə çoxalır. Uşaq və gənclərin idmana olan marağını artırmaq üçün əlimizdən gələni edirik. Onların vətənpərvər ruhda böyüməsi əsas məqsədlərimizdən biridir. İdmanın getdikcə kütləvi hal alması sevindiricidir. İdman gənc nəslin sağlamlığına və formalaşmasına xidmət edir. Atletlərimiz beynəlxalq yarışlarda ölkəmizi təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar. Ümid edirəm ki, idman ocağımızın yetirmələri gələcəkdə Olimpiya oyunlarında da iştirak edəcək və qələbə qazanacaqlar”. O əlavə etdi ki, məktəbdə idmançıların milli ruhda yetişməsi məqsədilə ilə onlara Dövlət himni və rəmzlər öyrədilir, xalqımıza qarşı törədilmiş soyqırımlar barədə idmançılarla söhbətlər aparılır. Burada təlimatçılar tərəfindən bölmələr üzrə seminarlar keçirilir, məşqçi - müəllimlərə mütəmadi olaraq metodiki köməklik göstərilir. Müstəqilliyimiz uğrunda şəhid olanların xatirəsinə tədbirlər həsr edilir, Şəhidlər Xiyabanına ziyarətlər təşkil olunur.
Məktəbdə akrobatika , cüdo üzrə keçirilən birinçiliklərə uşaqlar böyük həvəslə iştirak edirlər. Novruz bayramına və Dövlət Bayrağı Gününə həsr edilən məktəb birinciliyi, Uşaqların Müdafiə Gününə həsr olunan açıq birincilik, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirlər keçirilir. Bundan başqa, il ərzində məktəbin idmançıları müxtəlif şəhər, respublika və beynəlxalq yarışlarda iştirak edir, nəticələr qazanırlar. 

Belə ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə turnirdə Soltan Əsgərov və Qurban Qurbanov I yerə layiq görülüblər. Bakı şəhər birinciliyində Əliheydər Bayramlı ilk pillədə qərarlaşıb. İtaliyada keçirilən beynəlxalq turnirdə məktəbin yetirmələri də mübarizə aparıblar. İdmançılardan Hidayət Heydərov və Samir Məmmədov ən yüksək pillədə qərarlaşıblar. Bundan başqa, Gürcüstanda keçirilən Dünya kuboku yarışlarında Məmmədəli Mehdiyev III yerin sahibi olub. Gənclər arasında keçirilən Bakı şəhər birinciliyində də məktəbin idmançıları güclərini sınayıblar. Onlardan Qurban Qurbanov birinci pillədə qərarlaşıb. Həzi Aslanovun xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə idman ocağının üzvləri əzmlə mübarizə aparıblar. Belə ki, Hidayət Heydərov və Rüfət İsmayılov turnirin qalibi adını qazanıb. Xocalı soyqırımına həsr olunan IV beynəlxalq turnirdə də məktəbin idmançıları fərqləniblər. Onlardan Əbdülcəlal Hüseynov və Samir Mahmudov ən güclülərdən olublar. Antalyada yeniyetmələr arasında keçirilən Avropa kubokunda da cüdoçulardan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək ilk pillənin sahibi olub. Gənclər arasında keçirilən Azərbaycan birinciliyində məktəbin 3 cüdoçusu I yerə sahib çıxıb. Ukraynada yeniyetmələr arasında keçirilən Avropa kubokunda idman ocağının iki idmançısı mükafatalayiq yerlər tutub. Gənclər arasında keçirilən Avropa kubokunda isə məktəbin 3 idmançısı III yerə layiq görülüb. Yeniyetmələrin Avropa kubokunda Leyla Əliyeva və Rauf Xəlilov qalib olublar. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilən respublika turnirində Murad Xaliqov və Fərid Sadıqlı ən yüksək pillədə qərarlaşıblar. Almaniyada yeniyetmələr arasında keçirilən birincilikdə Hidayət Heydərov, Polşada yeniyetmələr arasında keçirilən Avropa kubokunda isə Leyla Əliyeva qızıl medala layiq görülüb. Məktəbin iki idmançısı Estoniyada keçirilən Avropa birinciliyində qalib olublar. Məktəbin idmançılarından Qurban Qurbanov və Afiq Səfərli respublika birinciliyində yüksək pillədə qərarlaşıb.
"Təhsil” Respublika İdman Mərkəzinin keçirdiyi respublika birinciliyində, Rusiyada təşkil olunan 27-ci dünya universiadasında RİOEUGİM-in idmançıları yaxşı nəticələr əldə ediblər. Hollandiyada keçirilən Avropa Olimpiya Festivalında idman ocağının 1 üzvü qalib adını qazanıb. ABŞ, Rusiya və Bosniyada keçirilən beynəlxalq turnirlərdə də idman ocağının idmançıları yüksək nəticələrə sahib olublar. Bundan başqa Sloveniyada gənclər arasında keçirilən dünya cempionatında, yeniyetmələrin Bakı birinciliyində məktəbin onlarla idmançısı qalib adını qazanıb.
Ötən il məktəbin akrobatları da yüksək nailiyyətlər qazanıblar. Belə ki, Bakı birinciliyində məktəbin akrobatları mükafatalayiq yerlər tutublar. RİOEUGİM-in futbolçuları da ötən il uğurlar qazanıblar. Gənclər arasında keçirilən respublika çempionatında, Azərbaycan birinciliyində buranın komandaları mükafatalayiq yerlər tutublar.
Məktəbdə boksla məşğul olan idmançılar da ötən il keçirilən yarışlarda böyük həvəslə iştirak ediblər. Onlardan Şaban Şahpələngov, Tapdıq Bayramov respublika çempionatında yaşıdlarından fərqlənərək ən yüksək pillənin sahibi olublar. Məktəbin boksçuları Belarusda gənclər arasında keçirilən beynəlxalq turnirdə I, II və III yerə sahib çıxıblar. RİOEUGİM-in əlçək sahibləri Bakı və respublika birinciliyində yer tutublar. Elgün İsmayılov və Orxan Əliyev bu yarışlarda birinci olublar. Onu da deyək ki, idman ocağında boksa maraq göstərənlərin sayı getdikcə çoxalmaqdadır.



"İstərdim ki, ölkəmizdə idmanla məşğul olanların sayı daha da artsın”

Qeyd edək ki, 2013-cü il ərzində idman məktəbində 4 müəllim idman ustası adına layiq görülüb. 17 müəllim isə idman ustalığına namizəddir. RİOEUGİM-in direktoru Rüfət Eyyubov bildirdi ki, idman ocağında perspektivli atletlər kifayət qədərdir. "İstərdim ki, ölkəmizdə idmanla məşğul olanların sayı daha da artsın. Onlar idmanın sirlərinə dərindən yiyələnsin və gələcəkdə Azərbaycanımızı Olimpiya oyunlarında təmsil etsinlər. Bunun üçün məşqçi- müəllimlərimiz səylə çalışırlar. Hər birimizin əsas məqsədi budur ki, idman daha da kütləviləşsin, yerli və beynəlxalq yarışlarda idmançılarımız çoxlu medallar əldə etsinlər”, - deyə Rüfət Eyyubov əlavə etdi.
Məlumat üçün bildirək ki, idman ocağının 2 məşqşi- müəllimi ötən il Əməkdar məşqçi, 1 məşqçisi isə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb.
Jalə Rzabəyli