2013-cü il idman tariximizdə yaddaqalan illərdən oldu

2013-cü il idman tariximizdə yaddaqalan illərdən oldu

Yeni başa vurduğumuz 2013-cü ildə qazandığımız uğurlar, idmançılarımızın nailiyyətləri az olmayıb. Ötən il respublikamızda çoxlu sayda beynəlxalq və yerli yarışlar keçirilib, medallar əldə edilib.
Belə ki, ötən 2013-cü ildə ölkəmizdə 298 respublika yarışı (2012-ci ildə 150 yarış) təşkil edilib, 57 beynəlxalq yarış (2012-ci ildə 35 yarış) keçirilib. Xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq turnirdə isə (2012-ci ildə 250 yarış) ölkəmizin yığma komandalarının iştirakı təmin olunub. Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda, dünya , Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə isə 782 medal (2012-ci ildə 735 medal- 255 qızıl, 244 gümüş, 236 bürünc ) əldə edilib. Bunlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486 medal isə (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-olimpiya idman növlərinin payına düşüb. Məlumat üçün deyək ki, 2003-2013 -ci illərdə ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal qazanılıb. İdman növləri üzrə yığma komandaların hər biri ötən il 12 gündən az olmayaraq, 154 təlim-məşq toplanışlarında (2012-ci ildə 83 toplanış) iştirak edib. Bu təlim-məşq toplanışlarından 103-ü Azərbaycanda, 51-i isə xarıcı ölkələrdə keçirilib. Təlim-məşq toplanışlarında ümumilikdə 6000 idmançı iştirak edib.
Ötən il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə müxtəlif idman növləri üzrə bir sıra beynəlxalq turnirlər keçirilib. Belə ki, 24 ölkənin nümayəndələrinin iştirakı ilə "Tour de Azerbaijan” veloyürüşü, cüdo üzrə "Böyük dəbilqə” seriyasının mərhələ yarışı, Naxçıvan şəhərində "Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalı və güləş üzrə beynəlxalq turnir olub. Bundan başqa, ulu öndərin yubileyi münasibətilə Mingəçevir şəhərində su polosu, üzgüçülük və basketbol üzrə beynəlxalq turnirlər, həmçinin avarçəkmə üzrə "Prezident Reqatası” keçirilib. Qusar şəhərində təşkil olunan universal döyüş üzrə "Heydər Əliyev Kuboku”, Masallı şəhərində keçirilən hapki do üzrə "Heydər Əliyev Kuboku”, boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir də ulu öndərin yubileyinə həsr edilib. Cənubi Afrika Respublikası və Avstriyada Azərbaycan səfirliklərinin köməyi ilə keçirilən Heydər Əliyevin xatirəsinə həsr edilmiş kikboksinq üzrə beynəlxalq turnirlər də yaddaqalan olub.

Tələbələrin XXVII Ümumdünya Yay Universiadası da 2013-cü ilin önəmli idman yarışlarından biridir. 6-17 iyul tarixlərində Beynəlxalq Universitet İdmanı Federasiyası tərəfindən Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında ölkəmiz tarixi uğura imza atıb. Universiadada Azərbaycan 78 idmançı ilə təmsil olunub. Yarışlar 27 idman növündə keçirilib və respublikamızın tələbə-idmançıları 12 idman növündə (şahmat, atletika, ağır atletika, cüdo, boks, sambo, kəmər güləşi, idman gimnastikası, qılıncoynatma, sərbəst güləş (kişilər), sərbəst güləş (qadınlar) və yunan-Roma güləşi) iştirak ediblər. Komandamız 8 idman növündə 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanmaqla ümum komanda hesabında 162 ölkə arasında 15-ci yerə layiq görülüb. Xatırladaq ki, 2011-ci ildə Çin Xalq Respublikasının Şenjen şəhərində keçirilmiş Tələbələrin XXVI Ümumdünya Yay Universiadasında isə respublikamız 6 idman növündə 22 idmançı ilə təmsil olunub. Yarışlarda 2 gümüş medal qazanaraq 167 ölkə arasında 46-cü olmuşduq. Qeyd edək ki, Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında əhalisinin sayına görə bizdən dəfələrlə böyük olan islam dövlətləri arasında Azərbaycan 1-ci, MDB ölkələri arasında 4-cü, Avropa ölkələri arasında isə 9-cu yeri tutub.Türkiyə 2 qızıl medalla 29-cu , İran 1 qızıl medalla 33-cü, Ermənistan 1 qızıl medalla 32-ci, Gürcüstan 1 gümüş və 2 bürünc medalla 48-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, Universiada yarışlarında cəmi 62 ölkə medal qazana bilib.
Ötən ilin yaddaqalan yarışlarından biri də III İslam Həmrəyliyi Oyunlarıdır. Bu turnir ötən ilin 22 sentyabr - 1 oktyabr tarixlərində İndoneziyanın Palembanq şəhərində 13 idman növü üzrə keçirilib. Oyunlarda 3 qitənin 46 ölkəsi 1586 idmançı ilə təmsil olunub. Azərbaycan komandası 9 idman növü üzrə 53 idmançı ilə təmsil olunub və 7 idman növündə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo və uşu) 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) komanda hesabında 7-ci yeri tutub. Komanda yarışlarında karate növündə qızıl, kamandan oxatmada isə gümüş medal qazanılıb. Eyni zamanda, ilk dəfə üzgüçülük idman növündə əldə olunmuş qızıl medal (200 m) və kamandan oxatma üzrə komanda hesabında qazanılan gümüş medal müstəqillik dövründə bu idman növləri üzrə ilk nailiyyətdir.
Qeyd edək ki, 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığının 4 şəhərində (Məkkə, Mədinə, Taif, Ciddə) keçirilmiş I İslam Həmrəyliyi Oyunlarında 14 idman növü üzrə 55 ölkə mübarizə aparıb. Azərbaycan komandası bu yarışda 12 idman növündə 103 idmançı ilə təmsil olunub, 5 idman növündə (karate, ağırlıqqaldırma, basketbol, qılıncoynatma, taekvondo) yaxşı nəticə əldə edərək 15 medalla (4 qızıl, 4 gümüş, 7 bürünc) 8-ci yeri tutub.



Ölkəmizdə nüfuzlu tədbirlər keçiriləcək

26 aprel-1 may 2014-cü il tarixində Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi keçiriləcək. Xatırladaq ki, 2013-cü ilin aprel ayında Rusiya Federasiyasının Soçi şəhərində təşkil edilmiş 76-cı konqresdə AİPS-in bayrağı Azərbaycan tərəfinə təqdim edilib. Bakıda keçiriləcək konqresə yüksək səviyyədə hazırlıq işləri ilə əlaqədar AİPS prezidenti Canni Merlo ötən il 2 dəfə ölkəmizə səfər edib, gənclər və idman naziri Azad Rəhimov və Təşkilat Komitəsinin üzvləri ilə görüşlər keçirib. Bu il bədii gimnastika üzrə Avropa çempionatı (15-17 iyun ), Yeniyetmələrin II Olimpiya Oyunlarına Avropa üzrə seçim turniri, 2015-ci ildə ilk dəfə I Avropa Oyunları və şahmat üzrə Dünya kuboku, 2016-cü ildə Ümumdünya Şahmat Olimpiadası, 2017-cü ildə IV İslam Həmrəyliyi Oyunları və digər möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İdmançılarımız müxtəlif idman növlərində çoxlu sayda nailiyyətlər əldə ediblər

26-31 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş cüdo üzrə dünya çempionatında Elxan Məmmədov (100 kq) dünya çempionu adını qazandı. 30 avqust-3 sentyabr tarixlərdə Almaniyanın Duysburq şəhərində keçirilmiş avarçəkmə üzrə dünya çempionatında 200 metr məsafəyə yürüşdə Azərbaycan kanoeçisi Valentin Demyanenko 38,462 saniyə nəticə göstərərək 4-cü dəfə dünya çempionu oldu. 11-27 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş boks üzrə kişilər arasında dünya çempionatında Məhəmmədrəsul Məcidov (+91kq) və Cavid Çələbiyev (56 kq) isə dünya çempionu adına layiq görüldülər. 8-17 noyabrda Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş şahmat üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandası 2-ci dəfə Avropa çempionu oldu. 6-7 iyulda Bakıdakı Dənizkənarı Milli Parkda keçirilən motorlu qayıqsürmə üzrə (Formula-2) "Grand Prix - 2013” yarışında Azərbaycan yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da mübarizə aparıblar. Turnirin qalibi adına İsveçin”Getel Racing” komandasının pilotu Erik Stark sahib çıxıb. "Azərbaycan” komandasının üzvü Yonas Andersson 2-ci, Latviyanın”Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə 3-cü olub.



Yeni komplekslər və idman qurğuları tikilir

Müstəqillik dövründə respublikamızın şəhər və rayonlarında ümumilikdə 40 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib ki, bundan da 5-i cari ilin payına düşür. Göygöl Olimpiya İdman Kompleksinin və Daşkəsən rayonunda "Gənclər üçün Təlim və İstirahət Mərkəzi”nin tikintisi başa çatdırılıb. Abşeron, Ağcabədi, Yardımlı Olimpiya idman komplekslərinin tikintisi işləri davam etdirilir. Goranboy, Neftçala, Tərtər Olimpiya idman komplekslərinin, Qala qəsəbəsində isə idman kompleksinin tikintisinin layihə-smeta sənədləri hazırlanır və yaxın zamanlarda tikintiyə hazırlıq işlərinə başlanılacaq. Bunlarla yanaşı, Yevlax şəhərində Olimpiya İdman Kpmpleksinin tikintisinin ilkin layihə sənədləri hazırlanır.
Hazırda Bakı şəhərində muasir standartlara uyğun beynəlxalq yarışların, o cümlədən 2015-ci ildə 1-ci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verəcək Gimnastika Kompleksinin, idmançılara tibbi xidmətlər göstərəcək Respublika İdman Tibb Mərkəzinin, Su İdman Sarayının, 65 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunun tikinti işləri, Stend Atıcılığı İdman-Kompleksinin yenidən qurulması davam edir. Heydər Əliyev adına İdman Konsert Kompleksinin və Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmir işləri də aparılır. Bayıl qəsəbəsində inşa edilməkdə olan Su İdman Sarayının yanında çimərlik voleybolu, çimərlik futbolu, su polosu, 3x3 basketbol idman növləri üçün Avropa Oyunları parkının layihə-smeta sənədləri hazırlanır, ərazidə söküntü işləri yekunlaşır və tikintiyə hazırlıq işlərinə başlanılıb.
Xatırladaq ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən gənclər evləri də tikilib istifadəyə verilir. Eyni zamanda Proqrama əsasən cari ildə qəsəbələrdə 4 mini-futbol meydançası istifadəyə verilib, 16 müxtəlif idman obyektlərinin layihə-smeta sənədlərinin ekspertizası və tikinti-quraşdırma işləri yerinə yetirilməkdədir.

Jalə Rzabəyli