Azərbaycanda pensiya kapitalından şəxsin özünün istifadə edə bilməsi və ya onun bütöv əldə edilməsi ilə bağlı mütəmadi müzakirələr aparılır. Pensiya kapitalı insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Hazırda minimum pensiya kapitalına dair tələb 46 min 80 manatdır.
Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər. Bildiyimiz kimi, ölkədə pensiya yaşı 65-dir. Bir çox insan pensiya yaşına çatmadan müxtəlif səbəbdən vəfat edir.
Beynəlxalq təcrübədə şəxslərin pensiya kapitalının bir hissəsindən sağ ikən istifadəsinə imkan yaradılıb.
Bütün bunları nəzərə alaraq pensiya kapitalından sağ ikən istifadə olunmasına dair qanunvericilikdə hansısa dəyişikliyin təklif olunması da nəzərdən keçirilə bilər.
Bununla bağlı ən optimal qərar nə ola bilər?
Olimpnews.az Bizim.Media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, pensiya kapitalı ilə bağlı qanunvericiliyə dəyişiklik lazımdır:
“Bunun başqa yolu yoxdur. Qanunvericilikdə dəyişiklik olmalıdır və pensiya kapitalından birbaşa istifadə hüququ yaradılmalıdır. Bunun üçün iki yanaşma ola bilər. Birinci, vətəndaşın özünün seçimi ilə bağlı fərdi müqavilələr ola bilər, ikincisi isə sosial müdafiə fonduna minimum yığım hissəsini toplayan insanların bundan artığına giriş imkanı ola bilər. Müxtəlif versiyalar mövcuddur. Qanunvericiilikdə dəyişiklik edərkən bunlar nəzərə alınmalıdır”.