Sərbəst və yunan-Roma güləşi üzrə 1997-1998-ci illər təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və bu il keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) qaydalarına əsasən keçiriləcək turnir iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə fevralın 5-dən 16-dək Azərbaycan Güləş Federasiyasının regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi keçiriləcək.
İkinci mərhələdə isə regionlararası seçim yarışlarının nəticələrinə əsasən, martın 3-5-də yeniyetmələrin Azərbaycan çempionatı təşkil olunacaq.
Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb ediləcəklər.