Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş futzal turnirinin təltifetmə mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan təltifetmə mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışında müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız üçün gördüyü işlər, idmanın inkişafına dövlətin göstərdiyi diqqət və qayğıdan söz açıb, idmanın beynəlxalq arenada tanıdılmasından ötrü və idmançıların qayğısı ilə əhatə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda bir neçə gün gərgin mübarizə şəraitində davam edən futzal oyununun yekunlaşdığını bildirib və komandaları təbrik edib.
Mərasimin digər çıxışçıları - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini Murad Hümmətov və Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək tədbirin keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə minnətdarlıqlarını bildirdilər. Natiqlər belə yarışların keçirilməsində ümummilli liderin həm siyasi fəaliyyətinin, həm idmana olan diqqət və qayğısının insanlar arasında təbliği, eyni zamanda dövlət qurumları arasında qarşılıqlı əməkdaşlıq üçün vacib olduğunu, həmçinin, sağlam həyat tərzinin təbliği və asudə vaxtın təşkili üçün böyük əhəmiyyət daşıdığını deyiblər.
12 komandanın yarışdığı turnirində I yeri "Azəriqaz İB" Lənkəran Regional Qaz İstismarı İdarəsinin komandası, II yeri Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin komandası, III yeri isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin komandası tutub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən I yeri tutan komanda diplom və kubokla, oyunçular xüsusi hazırlanmış medallarla, II və III yeri tutan komandalar diplomla, oyunçular xüsusi hazırlanmış medallarla təltif ediliblər. Yarış ərzində ən çox qol vuran oyunçu "Qızıl top" və ən yaxşı qapıçı isə "Qızıl əlcək"lə mükafatlandırılıb.
Futzal turnirinin qalibləri mükafatlandırıldı
