Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin təmsilçiləri ötən ili uğurla başa vurublar

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin təmsilçiləri ötən ili uğurla başa vurublar

2013-cü il Azərbaycan idmanı üçün bir sıra möhtəşəm uğurlarla yadda qaldı. Məhz ötən ildə idmançılarımız dünya və Avropa çempionatlarından, beynəlxalq yarışlardan vətənə bol-bol medallarla döndülər. Bununla yanaşı, ölkəmiz bir sıra beynəlxalq yarışlara və mötəbər idman tədbirlərinə ev sahibliyi etdi, beynəlxalq qurum rəsmiləri paytaxtımıza səfərlər etdilər, respublikamızın müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya idman kompleksləri tikilərək idmançıların istifadəsinə verildi. Azərbaycanın beynəlxalq idman aləmində böyük nüfuza malik olması, təmsilçilərimizin ayrı-ayrı idman növləri üzrə beynəlxalq arenalarda uğur qazanması sözsüz ki, ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsidir. Böyük uğura gedən yolda, böyük məsuliyyət həm də idmançılar yetişdirən ayrı-ayrı idman mərkəzləri, klublar və cəmiyyətlərin üzərinə düşür. Ölkəmizdə fəallığı ilə seçilən və idmanın inkişafına öz töhfəsini verən idman ocaqlarından biri də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzidir (DGK İSM). Hər il olduğu kimi, 2013-cü ildə də mərkəzin təmsilçiləri bir sıra uğurlu nəticələr qazanıblar.



DGK İSM-in təmsilçiləri ötən il ölkədaxili və 
beynəlxalq səviyyəli yarışlarda 68 medal qazanıblar
Artıq on beş ildir ki, fəaliyyət göstərən DGK İSM-də futbol (qadın), boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, cüdo, tamblinq kimi Olimpiya, sambo, uşu-sanda, pouerliftinq, kempo-karate və kobudo, universal döyüş, aşihara karate, muay-tay, şaolin-sanda, kikboksinq, budo, ciu-citsu, hava və ekstremal idman növləri kimi qeyri-Olimpiya idman növləri tədris olunur.
Hazırda cəmiyyətdə 200-dək yeniyetmə, gənc və böyükyaşlı idmançı adıçəkilən idman növlərinin sirlərinə yiyələnir. Ötən illər ərzində idman ocağının təmsilçiləri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda böyük nailiyyətlər əldə ediblər. 2013-cü ilin yekunlarına əsasən isə DGK İSM-ın təmsilçiləri ümümilikdə ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda 68 medal qazanıblar ki, bunlardan 27-si qızıl, 19-ü gümüş, 22-si bürünc medaldır.
Sərbəst güləş üzrə Azərbaycan çempionatında mərkəzin təmsilçiləri Fərəh Rəsulova, Ural Hüseynov, Röyal İsmayılov birinci, Məhəmməd Ömərov, Sənan Bağırov və Ramil Ələkbərov isə üçüncü pillədə qərarlaşıblar. Sevil Rüstəmzadə, Alim Qurbanov sərbəst güləş üzrə gənclər arasında Azərbaycan birinciliyində ikinci olublar. Bu növ üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyində Aytac Tağızadə və Rəhim Nüsrətov ikinci, Natiq İsayev üçüncü yeri tutub. İdman Məktəblərinin VI Respublika Oyunlarında sərbəst güləş üzrə kiçik kadetlər arasında
İlkin Mehrabov birinci, İsmayıl Cabbarlı isə üçüncü pillədə qərarlaşıblar.
Yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı birinciliyində Əvəz Həmziyev, Şəhruz Şıxəliyev, Tehran və Əli Əminovlar qızıl, Röyal Ağamalıyev, Sadiq Dadaşlı, Ruslan Dövlətov, Cahid Tumaşov, Emin Eminov gümüş, Murad Şamilzadə bürünc medallar əldə ediblər.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin birinciliyində Tural Əsgərov, Fəqan Mirzəyev, Cavid Sadıqov sərbəst güləş üzrə yeniyetmələr arasında yarışlarda çempion adını qazanıblar.
Mərkəzin yetirməsi Samran Nəsibov yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə Bakı çempionatında Vüsal Rüstəmov və Tofiq İsmayılov ikinci, Orxan Məmmədzadə üçüncü olublar. Bu növ üzrə Respublika kubokunda mərkəzin üzvü Tural Umayev böyüklər arasında qələbə qazanıb. Bu növ üzrə Bakı birinciliyində Nəzərşah Fətullayev yeniyetmələr arasında birinci olub. İlqar Seyidov DGK İSM-in birinciliyində yunan-Roma güləşi üzrə yarışlarda ikinci, Mövsüm Nəbiyev üçüncü yeri tutub.
Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində Rüfət Nəbiyev çempion adını qazanıb.
Mərkəzin boksçularından Kamran Bağırov, Səbuhi Nuriyev, Elnur Süleymanov, Elvin Məmmədli boks üzrə Bakı şəhər birinciliyində bürünc medal əldə ediblər.
Taekvondo üzrə yeniyetmələr arasında respublika birinciliyində Zeynəb Gülüşova birinci, Ülvi Mustafayev, Coşqun Abdullayev, Nərgiz Məmmədzadə, Zalikə Babayeva, Fidan Babayeva üçüncü yeri tutublar.
Mərkəzin yeni açılmış üzgüçülük və ekstremal idman növləri bölməsinin idmançıları da ötən il bir sıra uğurlar əldə ediblər. Yeniyetmələr arasında keçirilən üzgüçülük üzrə Azərbaycan birinciliyində idman ocağının təmsilçisi Abel Dorian Fazekaş çempion tituluna yiyələnib. Kamran Cəfərov və Nazir İsmayılov isə ikinci yeri tutublar. Mərkəzin üzgüçüsü, idman ustası Elvira Həsənova yeniyetmələr arasında respublika birinciliyində çempion olub.
İdman dırmanması üzrə yarışlarda Aysel Sultanova və Çingiz Tağızadə ölkə çempionu tituluna sahib çıxıblar.
Sambo üzrə Azərbaycan çempionatında İntiqam Ələkbərov birinci, Elşən İbişov isə üçüncü olub.
Mərkəzin təmsilçiləri ölkədaxili yarışlarda uğurların qazanılması ilə kifayətlənməyərək, beynəlxalq arenalarda keçirilən yarışlarda da öz sözlərini deməyi bacarıblar.

Sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə Elmar İsmayılov qızıl, Toğrul Cavadlı gümüş, İntiqam Əliyev isə bürünc medal qazanıb. İbrahim Nurullayev yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə gənclər arasında gümüş, Sübhan Muradov isə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə bürünc medala sahib çıxıb. Fərid Məmmədov yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə üçüncü olub. Mərkəzin yetirməsi Polad İsmayılov isə sərbəst güləş üzrə kiçikyaşlı idmançılar arasında keçirilən beynəlxalq turnirdə bürünc medala yiyələnib.
Ötən il beynəlxalq arenada ən yüksək uğura qocyu-ryu karate üzrə kişilər arasında Elsevər Quliyev imza atıb. O, dünya çempionu adını qazanıb. Emin Kərimov budo üzrə beynəlxalq turnirdə qalib olub. Anar Cəfərov böyüklər arasında boks üzrə beynəlxalq turnirdə çempion adını qazanıb.


"Qarşımızda dayanan əsas məqsəd idmana öz layiqli töhfəmizi verməkdir”

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev idman ocağının yetirmələrinin ötən il əldə etdikləri nəticələri qənaətbəxş hesab edir. DGK İSM təmsilçilərinin Azərbaycan Dövlət Gömrük Komitəsi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən Xəzər müəllim mərkəzin idmançılarının builki yarışlardakı çıxışları ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Mərkəzdə fəaliyyət göstərən bütün idman növlərinin yüksək səviyyəli inkişafına böyük önəm veririk. İdman ailəsinə daxil olan mərkəz kimi qarşımızda dayanan əsas məqsəd bu sahəyə öz layiqli töhfəmizi verməkdir.
2013-cü ildə DGK İSM-in idmançıları bir sıra yarışlarda fəallıq nümayiş etdiriblər. İl ərzində idmançılarımız müxtəlif ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edərək yüksək əyarlı medallar qazanıblar. Təmsilçilərimizin ötən il ərzində qazandıqları uğurları qənaətbəxş hesab edirəm. Əsas uğurlarımız yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, boks, taekvondo kimi Olimpiya idman növlərində olub. Qeyri-olimpiya növlərində də idmançılarımız bir sıra nəticələr əldə ediblər. Qeyd etdiyim kimi, güləşçilərimiz 2013-cü ildə xüsusi fəallığı ilə seçiliblər. Mərkəzdə bu idman növlərinin inkişafına peşəkar münasibət bəslənilir. Ölkəmizdə böyük populyarlığa malik olan güləş idman növü üzrə bir sıra istedadlı idmançılarımız yetişirlər.
Qeyd edim ki, 2013-cü ildə DGK İSM-in sərbəst və yunan-Roma güləşi üzrə açıq birincilikləri də təşkil olunub. Bununla yanaşı, idman ocağı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə şahmat, güllə atıcılığı, güləş üzrə yarışlar da təşkil etmişik.
Qeyd edim ki, ötən ilin əsas uğurlarından biri də odur ki, 2013-cü ildən etibarən DGK İSM-ın Spartakiada yarışlarını təşkil etməyə başlamışıq. Bu il də mərkəzdə fəaliyyət göstərən 10-12 idman növü üzrə spartakiada yarışlarını keçirilməsi planlaşdırılır. Qeyd edim ki, bu il Azərbaycan Dövlət Gömrük Komitəsinin 15 illiyi tamam olur. Spartakiada yarışlarını məhz komitənin 15 illik yubileyinə həsr etməyi qərara almışıq. Bununla yanaşı, güc strukturları arasında şahmat, güllə atıcılığı və futzal üzrə yarışların təşkilini də planlaşdırırıq.
Qeyd edim ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən idmançılarımızın hərtərəfli məşq etmələri üçün yüksək səviyyəli şərait yaradılıb. Fürsətdən istifadə edib mərkəzin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevə minnətdarlığımı bildirirəm. Dövlət Gömrük Komitəsinin idman işləri üzrə kuratoru Rza Həsənəliyev də idmançılarımızın problemləri ilə yaxından maraqlanır, öz diqqət və qayğısını əsirgəmir, mərkəzin fəaliyyəti üçün bizə lazımi köməyi göstərir. İnanıram ki, təmsilçilərimiz qazandıqları uğurlarla kifayətlənməyərək qarşıdakı yarışlarda da onlara bəslənilən etimadı doğruldacaq, daha da böyük nailiyyətlər qazanacaqlar”.



"İnanıram ki, I Avropa Oyunları paytaxtımızda yüksək səviyyədətəşkil olunacaq”
Xəzər müəlllimin sözlərinə görə, digər idman cəmiyyətlərinin nümayəndələri kimi, DGK İSM-ın idmançılarının da əsas məqsədi Olimpiya oyunlarından sonrakı dövrdə fərqlənmək və növbəti olimpiadaya hazırlaşmaqdır. Hazırda mərkəzin təmsilçilərinin qarşısında dayanan əsas məqsəd 2015-ci ildə ölkəmizdə təşkil ediləcək Avropa Oyunları, Çində keçiriləcək Yeniyetmlərin II Olimpiya Oyunları və 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına lisenziya verən yarışlara yüksək səviyyədə hazırlaşmaqdır. "Bildiyiniz kimi, 2015-ci ildə ölkəmizdə tarixdə ilk dəfə I Avropa Oyunları təşkil ediləcək. Məhz bu cür yarışın ölkəmizdə təşkili barədə qərarın verilməsi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikamızda idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində təmsilçilərimiz ən mötəbər yarışlarda uğurlu nəticələr əldə edirlər. Paytaxtımızda ən mötəbər yarışlar yüksək səviyyədə keçirilir. I Avropa Oyunları Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. İnanıram ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində I Avropa Oyunları paytaxtımızda ən yüksək səviyyədə təşkil olunacaq. Bununla yanaşı, ölkəmiz 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bir idman mərkəzi kimi, bizim də məqsədimiz təmsilçilərimizin bu mötəbər yarışlarda müxtəlif idman növləri üzrə çıxış etmələrinə nail olmaqdır. Qeyd edim ki, mərkəzdə boks, taekvondo, cüdo, üzgüçülük və s. kimi Olimpiya növlərinin inkişafı üçün bir sıra tədbirlər planı həyata keçirilir. 


Taekvondo və boks idman növləri üzrə bölmələrə yeni məşqçilər cəlb etmişik. Ötən ildən etibarən mərkəzdə yeni idman bölmələri də fəaliyyətə başlayıb. Bunlar üzgüçülük və ekstremal idman növləri bölmələridir. Üzgüçülük üzrə bazamız olmasa da, idmançılarımız müxtəlif idman klublarının üzgüçülük hovuzunda məşqlərini davam etdirirlər. Ekstremal idman növlərinə də ölkəmizdə böyük maraq var. Ekstremal idman növlərindən olan idman dırmanması üzrə Dünya kubokunun ötən il Azərbaycanda təşkili ona olan marağı daha da artırıb. Kifayət qədər baxımlı növ olan idman dırmanması üzrə beynəlxalq səviyyəli yarışın ölkəmizdə təşkili tamaşaçıların, idman ictimaiyyətinin də marağına səbəb olub. Biz də bunu nəzərə alaraq, mərkəzdə ekstremal idman növləri bölməsinin açılmasına və bu sahə üzrə idmançıların mərkəzə cəlb olunmasına qərar verdik. Ümidvaram ki, digər idman növlərində olduğu kimi, ekstremal idman növləri üzrə də idmançılarımız uğurlu nailiyyətlər qazanacaqlar. Onu da deyim ki, hazırda mərkəzin idman dırmanması üzrə təmsilçiləri may ayında Azərbaycanda ikinci dəfə təşkil olunacaq Dünya kuboku yarışına hazırlıqlarını davam etdirirlər”, - deyə o əlavə etdi.
Aysel Sultanova