Rusiyalı tennisçi Mariya Şarapova yarımfinal oyununda digər rus tennisçisi Anastasiya Pavlyuçenkoya uduzaraq finala vəsiqə qazana bilməyib.
Fransanın paytaxtı Paris şəhərində keçirilən açıq tennis turnirində Mariya Şarapovanın bəxti gətirməyib. 2013-cü ildə rus qadın idmançıları arasında "Ən gözəl qız” nominasiyasının qalibi seçilən Mariya yarımfinal oyununda digər rus tennisçisi Anastasiya Pavlyuçenkoya 3 setdə 4:6, 6:3, 6:4 hesabı ilə uduzaraq final sevincini yaşaya bilməyib.
Xatırladaq ki, Pavlyuçenko finalda Sara Errani (İtaliya) - Alize Korne (Fransa) qarşılaşmasının qalibi ilə görüşəcək. Deyəsən, 2014-cü ildə Şarapovanın bəxti gətirmir. Belə ki, o, Avstraliyanın Brisben şəhərində keçirilən turnirdə yarımfinala qədər irəliləməsinə baxmayaraq, ABŞ tennisçisi Serena Uilyamsa uduzmuşdu.