Hər il mart ayının 21-də dünyanın qabaqcıl idman ölkələrində backgammon günü qeyd edilir. Bu oyun başqa sözlə idman döymə nərd oyunudur. Belə rəy formalaşıb ki, backgammon oyunu, ümumiyyətlə, nərd oyunları sadəcə oyun çərçivəsindən xeyli dərəcədə kənara çıxır. Belə ki, oyunçuları strateji düşüncəyə, tənqidi təhlilə və səbirli yanaşmaya alışdıran intellektual idman oyunudur. Backgammon nərd oyunu üzrə hər il dünya, Avropa çempionatları, həmçinin, beynəlxalq, və yerli turnirlər keçirilir.
Nərd oyunu Azərbaycan Respublikası ərazisində VI əsrin sonu, VII əsrin əvvəllərindən məlumdur. Bunu arxeoloji materiallar, Azərbaycanın o dövrdəki tarixi şəraiti, eləcə də bəzi mülahizələr təsdiq edir. 1934-cü ildə keçirilmiş ikinci respublika spartakiadasının proqramına nərd oyunu da daxil edilmişdi. 1947-ci ildə isə Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurasının təşəbbüsü ilə nərd üzrə respublika çempionatı təşkil olunmuşdu. Müstəqillik dövründə respublikamızda Nərd Federasiyası fəaliyyət göstərsə də hər hansı oyun üzrə çempionat, turnir keçirilmir. Təbii sual ortaya çıxır: nərdtaxta, nərd oyunu harada yaranıb? Onların vətəni haradır? Bu suala birmənalı cavab yoxdur. Çünki yazılı məlumat bizə gəlib çatmamışdır. Nərd dəstinin və oyunlarının yaranması haqda bir neçə fərziyyə gəlib çatmışdır. Məsələn, İ.Y.Zemlyanskayanın kitabında (“Domino, nardı, kosti i druqie nastolğnıe iqrı”, Moskva, izd. “Veçe”, 350 str., 2001 q.) onların ikisi verilir. Birində deyilir ki, nərdtaxta və ilk oyun yaradılmasını İran hökümdarı Ərdşir (eramızın III əsri) əmr etmişdi.Tarixdən bəllidir ki, eramızın III əsr İran imperiyasında Farsistan ilə yanaşı, bir neçə xalqın işğal edilmiş torpaqları da var idi və indi də vardır. Həmin torpaqlarda yerli xalqlara mənsub əhali yaşayır və yaşamaqdadır. Həmçinin Azərbaycanın Arazdan güneydəki torparları da oraya daxil idi.
Hökmdar I Ərdşir (eramızın 180-242-ci illərində yaşamışdır) 224-cü ildə qədim Farsistanda hakimiyyətdə olmuş sülaləni devirərək Sasanilər sülaləsini hakimiyyətə gətirmişdi. Sonra Ərdşir qonşu ölkələrin bəzi torpaqlarını işğal edərək Farsistana qatmış və İran adlı imperiyanı qurmuşdu (İran adı ilə əvvəllər arilərin yaşadığı mifik torpaqlar Avestada adlanırdı). Həmin dövrdə, yəni III əsrdə Azərbaycan ərazisinin bir hissəsi işğala məruz qalmışdı və orada azərbaycanlıların əcdadları yaşayırdı. Zemlyanskayanin kitabında nərd haqqında digər əfsanə də yazılmışdır. Orada deyilir ki, nərd müasir İraqla İran ərazilərində meydana çıxmışdır. Bu ərazinin (İranla İraqın həmsərhəd torpaqlarında azərbaycanlılar yaşamış və yaşamaqda davam edir) əhalisi “taxta nərd” oynayırdılar. “Taxta nərd” yaxud “nərd taxta “ deyildikdə “taxta lövhədə savaş” nəzərdə tutulur. “Taxta nərd” göründüyü kimi iki sözdən ibarətdir. “Taxta” deyildikdə bu gün də dilimizdə işlənən söz yada düşür və anladığımız “taxta” nəzərdə tutulur. “Nərd” deyildikdə bizim bugünkü anlayışımızdakı “ pillə” nəzərdə tutulur. Məsələn, 1800 il öncə işlənmiş iki sözün birləşməsi olan “taxta nərd” ifadəsini bu gün “pilləli taxta” kimi qəbul etmək olar. Pillə deyildikdə taxtadakı oyun daşlarının düzüldüyü xanalar nəzərdə tutulur. Zərlər atılanda onların yuxarı üzlərindəki xallara müvafiq surətdə oyun daşlarının irəliləməsiylə tutulan xanalar yada düşür.Yəni “taxta nərd” deyildikdə “pilləli (xanalı) taxta” nəzərdə tutulur. Burada pillə (xana) deyildikdə nərdtaxta qutusunun qatlanan 2 üzündəki 24 xana yada düşür.
Nərdin yaranması haqda müxtəlif versiyalar olduğundan biz də fikrimizi irəli sürək. Kitabdan götürülmüş, əsrlərin dərinliklərindən gəlib bizə çatmış “taxta nərd” fikrini orijinaldan bu günkü dilimizə”pilləli taxtada savaş” kimi tərcüməsi daha düzgün, dəqiq olardı.
“İran” sözü eşitdikdə müvafiq tarix və coğrafiya haqqında kifayət qədər məlumatı olmayan insanların xəyalına bir növ “Farsistan” və orada yaşayan əsasən farslardan ibarət olan əhali gələ bilər. Guya farslar ölkənin əsas və əksəriyyətini təşkil etmiş əhalisi olmuşdur. Lakin həmin dövrdə imperiyanın fars əhalisi əsasən ölkənin cənubunda yerləşən Farsistan bölgəsində yaşayırdı. İraqın İran torpaqlarında ərəblər yaşayırdı və yaşayırlar. İmperiyanın Arazdan güney istiqamətdəki torpaqlarında, o cümlədən İraqla həmsərhəd bölgədə azərbaycanlıların əcdadları yaşamış və yaşayırlar.
İndiki zamanda Azərbaycanın parçalanmış bütün torpaqlarında, o cümlədən Arazdan güneydəki ərazidə yaşayanlar nərd dəstini, yəni 24 xanalı ikiüzlü qutunu, 30 (=15 ağ+15 qara) ədəd daşları və 2 ədəd altıüzlü zəri - nərdtaxta (nərd dəsti) adlandırır. Nərd və taxta çox qədimdən bu günədək azərbaycanlıların dilində işlənən sözlərdəndir. İstənilən sayda misal göstərmək mümkündür. Taxta ev, taxta qapı, taxta nərdivan və s. və i. a. Nərdivan da iki sözdən ibarətdir: nərd və divan. Nərd, yəni pillə (xana). Divan sözü bir neçə mənada istifadə edilir. Məsələn, çoxlu (yığım, toplum, dəst). Nərdivan - çoxlu pilləri olan, istifadə edilməsiylə bir nöqtədən digərinə qalxıb-düşmək üçün alət. Yazılı ədəbiyyatımıza diqqət yetirsək, divan sözünün qədimdən işləndiyinin şahidi olarıq. Təhqiqat nəticəsində daha nələr aydınlaşmışdır? Bu günədək yeganə olan klassik nərd dəsti və “uzun”adlandırılan ilk nərd oyunu eramızın 224-242 illəri arasında yaradılmışdır. Onların adı farsca deyildir. Deməli, onlara adı hökmdar verməmişdir, baxmayaraq ki, bəzi mənbələrdə deyildiyi kimi məhz şəxsən o özü yeni oyunun yaradılmasını tapşırmışdı. Bu cür fərqli oyun dəsti və cazibədar oyunun ixtiraçısına hörmətlə yanaşmış və yaratdığı yeniliyi istədiyi kimi adlandırmağa ixtiraçıya imkan vermişdir.
Təbii ki, hökümdar bu qərarında mərhəmətli və mənəvi çəhətdən haqlı idi. İxtiraçı da bu xoş məqamdan istifadə edərək yaratdığına “taxta nərd” adı verməkdə, başqa sözlə doğma ana dilinə dəyər verməkdə haqlı idi. Həm güney, həm də qüzey Azərbaycanda günümüzə qədər “nərdtaxta” və “nərd oyunları” ifadələri işlənir. Eləcə də nərd, taxta, nərdivan, divan, pillə, pilləkən sözləri dilimizdən düşməmişdir. İndi isə tam əminliklə, heç şübhə yeri qoymadan demək mümkündür ki, indiyədək yaradılmış yeganə nərdtaxta və ilk nərd oyunu olan “uzun” qədim Azərbaycan torpağında və yerli insan tərəfindən yaradılmışdır.
Uzun oyunun başlanğıcında 30 ədəd daşın nərdtaxta qutusunda düzülüşü ixtiraçı tərəfindən 1-ci şəkildəki kimi münasib sayılmşdır. Uzun oyunda oyunçuların hər birinin malik olduğu 15 ədəd eyni rəngli (ağ və qara) daşlar 1-ci və 13-cü xanalarda düzülür. Oyunçular atdıqları 2 ədəd zərin göstərdiyi xallara uyğun sayda xanalarda daşlarını irəli çəkir. Oyunçu daşlarının hamısını evəyığdıqda oradan çıxarır. Təbii ki, bu dəfə də zərlərə düşən xalların sayına görə. Nərdtaxta və uzun nərd oyunu İran oyunu kimi öncə qonşu ölkələri, ardınca digər diyarları gəzib dolaşdı. İngiltərədə də sevildi. Əsrlər ötdükcə oyun yavaş-yavaş sanki əvvəlki təravətini, təsirini, effektini itirirdi. Belə hallarda deyilir ki, bu zamanın işidir. Dialektika əbəs yerə deməyir ki, heç bir şey dayanmaq bilməyir, daim sadədən mürəkkəbə doğru irəliləyir. Məhz bu səbəbdən həyatda, təbiətdə inkişaf baş verir. Elə uzun oyun da güclü oyunçulara tədricən bəsit görünürdü.
Nərdtaxtanın və uzun oyunun icadından 15 əsr ötürdü. Nərdi sevən ingiltərəli daha yüksək ağıl, düşüncə tələb edən fərqli oyun hazırlamaqla nərdin diqqət mərkəzində qalmasını təmin etdi. Bu yeniliyi 1743-cü ildə Edmund Hoyl adlı birisi etdi. Qısa(döymə) adlandılan oyunun başlanğıcında 30 ədəd daşın nərdtaxta qutusunda düzülüşü ixtiraçı tərəfindən 2-ci şəkildəki kimi münasib sayılmışdır. Təzə oyun yalnız İngiltərədə deyil, tezliklə Avropa ölkələrində uzun oyuna nisbətən daha çox sevildi və backqammon (balaca döyüş) adı ilə tanındı. Yeni oyunu daha yüksək intellektli, dərin düşüncəli, ciddi oyun istəyənlər dünya miqyasında qəbul etdi.Lakin zaman yerində saymadığı kimi tələblər də dəyişirdi. Backgammon oyunu artıq 2 əsr idi ki, dünyanın istənilən bölgəsində oynanılır və pərəstişkarları artırdı. Eyni zamanda bu səviyyəli oyun da dəyişən zamanda hər bir oyunçunu qane etməyirmiş. Nəticədə oyun qaydalarına daha bir ciddi əlavə olundu. Oyunun gedişi zamanı oyun hesabında (stavkasında) bir neçə dəfə ikiqat artırılma qaydası ortaya qoyuldu. 1931-ci ildəki bu təklif ilk zamanlar bəziləri tərəfindən rəqibə psixoloji təzyiq göstərmək, onu təslim olmağa məcbur etmək üçün düşünülmüş sərt alət adlandırdı. İdman nərdini sevənlərin əksəriyyətisə backgammon oyunu səviyyəsinin yüksəldilməsində, ehtiyatlı qalmasında bu yeniliyin qeyri-adi əhəmiyyətini qeyd edirdi. Nəhayət ki, bu qayda da beynəlxalq idman aləmində yenilik kimi tanındı. Oyunun gedişində oyunçular tərəfindən atılmayan və yalnız xüsusi hallarda istifadə edilən, dabl kub adlandırılan bu altıüzlü zərin (şəkil 3) üzlərindəki ikiqat böyüyən 2, 4, 8, 16, 32, 64 ədəd və rəqəmlərin köməyilə oyun daha gərgin hal alır, daha ehtiyatlı olmağı tələb edir. Backgammon əsl ustaların oyunu səviyyəsində mövqeyini daha da möhkəmlədir. Oyunun hesabında ikiqat artırılma üçün dabl kub (kub dave) - ikiqat artırma kubunun tətbiqi geniş yayıldı. Onun vətəni isə ABŞ idi. Bütün rəsmi və ya ciddi keçirilən qeyri-rəsmi oyunlarda bu günədək tətbiq olunmaqdadır. Lakin XVIII əsrin ortalarında və XX əsrin ilk onilliklərində edilmiş yeniliklər məhz III əsrdə hazırlanmış nərdtaxtada tətbiq edilmişdi. Oyunlarda yeniliklər edilsə də ixtiraçıların heç biri fərqli nərdtaxta yaratmamışdı.
(ardı var)
Rəsul Rəxşanlı,
kimya üzrə fəlsəfə doktoru,
Elm nominasiyası üzrə iki dəfə
“Humay” milli mükafatı laureatı