Futbol üzrə UEFA Millətlər Liqasının qalibi adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, bu, finalda İspaniya yığmasına penaltilər seriyasında qalib gələn Portuqaliya millisidir.
Almaniyanın Ştutqart şəhərindəki "MHP Arena"da keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib -2:2. Matçda hesabı 21-ci dəqiqədə İspaniya yığmasının üzvü Zubimende açıb. Lakin beş dəqiqə sonra Nunu Mendeş Portuqaliya millisinin bərabərlik qolunu vurub. İlk hissənin sonlarında "Qırmızı furya" yenidən hesabda önə keçib. Matçın 45-ci dəqiqəsində Oyarzabal fərqlənib. Qarşılaşmanın ikinci hissəsində - 61-ci dəqiqədə Kriştianu Ronaldo fərqlənərək bərabərliyi təmin edib.
Oyunun əsas vaxtı bu hesabla başa çatdığından qalibin adını müəyyənləşdirmək üçün əlavə dəqiqələr oynanılıb. Burada da tərəflərdən heç biri fərqlənmədiyindən penaltilər seriaysına ehtiyac duyulub. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən (5:3) Portuqaliya yığması Millətlər Liqasının ilk ikiqat qalibi olub.
Xatırladaq ki, Portuqaliya millisi 2019-cu ildə ilk dəfə təşkil olunan Millətlər Liqasının da qalibi olmuşdu.
Portuqaliya millisi Millətlər Liqasının ilk ikiqat qalibi oldu
