“Hər bir çəkidə medal üçün mübarizə aparacağıq”.
Bu sözləri cüdo üzrə milli komandamızın böyük məşqçisi, dünya çempionu Elxan Məmmədov Olimpnews.az-a müsahibəsində deyib.
Dünya çempionatının sıradan yarış olmadığını deyən məşqçi komandamızın şanslarını dəyərləndirib.
“Dünya çempionatında yaponiyalı və rusiyalı idmançıların, eləcə də Koreya kimi zəngin cüdo ənələrinə malik olan ölkələrin işirak etməsi bizi gərgin mübarizələrin gözlədiyindən xəbər verir. Amma Azərbaycanın da cüdo ənənələri var. Necə deyərlər, biz də zəif ölkə deyilik. Dünya miqyasında öz sözünü deyən cüdoçularımız və kifayət qədər güclü komandamız var. Əlbəttə, şanslarımız böyükdür. Çünki son yarışlar, xüsusən də son dünya çempionatı və Olimpiya Oyunlarındakı nəticələrimiz belə deməyə əsas verir. Azərbaycan cüdosuna diqqət və qayğı böyükdür. Federasiya rəhbərliyi tərəfindən cüdoçularımıza hərtərəfli şərait yaradılıb. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, iyunun 13–19-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə cüdo üzrə böyüklər arasında dünya çempionatının fərdi yarışlarında ölkəmiz 10 çəki dərəcəsində 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunacaq.