Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin üç üzvü tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Leyla Əliyeva (-48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq. Bu çəki dərəcəsində eyni mərhələdən mübarizəyə başlayacaq Könül Əliyevanın isə ilk rəqibi ABŞ təmsilçisi Mariya Seliya Laborde olacaq.
Kşilərin mübarizəsində isə Əhməd Yusifov -60 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Mübarizəyə 1/16 finaldan başlayacaq idmançımızın ilk rəqibi yaponiyalı Ryyju Naqayama olacaq.
Çempionatın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Final blokuna isə 20:00-dan etibarən start veriləcək.
Qeyd edək ki, iyunun 19-dək davam edəcək dünya çempionatının fərdi yarışlarında 93 ölkədən 556 (294 kişi, 262 qadın) cüdoçu mübarizə aparacaq. Komandamız çempionatda 10 çəki dərəcəsində 13 (9 kişi, 4 qadın) cüdoçu ilə fərdi yarışlarda təmsil olunacaq. Yığmamız həmçinin iyunun 20-də qarışıq komanda yarışında mübarizə aparacaq.