Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran-pri beynəlxalq turniri keçirilib. Hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edib. Paris Qran-prisində baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz qüvvəsini sınayıb. Komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanıblar.
48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik qələbəni əldən verməyib. Analıq məzuniyyətindən sonra ilk yarışına çıxan təmsilçimiz Paris Qran-prisinin qızıl medalını qazanıb. O, ardıcıl olaraq ABŞ, İsveç, Fransa və Kanada güləşçilərini məğlub edib.
58 kq-da mübarizə aparan Yuliya Ratkeviç də qızıl medala sahib olub. Qırğızıstan, İspaniya və ABŞ güləşçiləri üzərində qələbə təmsilçimizi Paris Qran-prisinin qalibi edib.
Yığma komandanın digər üzvü Səbirə Əliyeva (75 kq) isə bürünc medal qazanıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov təmsil edib.