Avropa birinciliyində 19 cüdoçumuz mübarizə aparacaq

Avropa birinciliyində 19 cüdoçumuz mübarizə aparacaq

İyunun 26-29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, çempionatda Azərbaycan ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanların mübarizəsində ölkəni Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Abdullah Rəhmətov (81 kq), Səid Hüseynov (90 kq) və Tunar Fərzəliyev (+90 kq) təmsil edəcək.

Qızların yarışında isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova (44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) fəxri kürsüdə yer almağa çalışacaq.

Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Avropa birinciliyində 19 cüdoçumuz mübarizə aparacaq Avropa birinciliyində 19 cüdoçumuz mübarizə aparacaq